Ümumi məlumat

Azərbaycan Respublikası vətəndaşının pasportu (bundan sonra — pasport) Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir.

Pasport Azərbaycan Respublikasının mülkiyyətidir, onun vətəndaşdan alınması və ya girov götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna olunmaqla qəti qadağandır.

Hər bir vətəndaş pasportu möhkəm saxlamağa borcludur. Pasport itdikdə vətəndaş pasport verən dövlət orqanlarına, belə hadisə xaricdə baş verərsə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna dərhal məlumat verməlidir. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə belə vətəndaşları qısa müddət ərzində Azərbaycan Respublikasına qayıtmaq hüququ verən sənədlə təmin edirlər.

Xarici ölkələrdə müvəqqəti və daimi yaşayan vətəndaşlara ümumvətəndaş pasportu daxili işlər orqanında fərdi olaraq hazırlanmaqla,vətəndaşın olduğu ölkədə akkreditə edilmiş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən verilir. Bu halda ümumvətəndaş pasportunun verilməsi üçün tələb olunan sənədlərin qəbul edilməsi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməsi Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən həyata keçirilir.

Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.

Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir.

bakushop_1