2017-02-23
22 fevral tarixində Bern şəhərinin Bellevue Palace mehmansanasında Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilmişdir.

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyi və Avropa Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə 22 fevral tarixində Bern şəhərinin Bellevue Palace mehmansanasında Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilmişdir.

Tədbiri giriş nitqi ilə açan səfir Əkrəm Zeynallı Xocalı soyqırımı haqqında qonaqlara geniş məlumat verərək, bu faciəni Azərbaycan xalqının qan yaddaşında ən ağrılı səhifələrdən biri kimi xarakterizə etmişdir. Heydər Əliyev Fondunun vits-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyası barədə ətraflı məlumat verən səfir, Xocalı soyqırımının Bosniya və Herseqovina, Çexiya Respublikası, Cibuti, Honduras, İordaniya,Kolumbiya,Meksika, Qvatemala, Panama, Pakistan, Peru, Rumıniya, Sudan parlamentləri, ABŞ-ın 14-də çox ştatı, həmçinin 57 islam ölkəsinin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı tərəfindən tanındığını bildirmişdir.

Səfir Xocalı faciəsi ilə bağlı tədbirin İsveçrə auditoriyasını tam məlumatlandırmağa istiqamətləndirildiyini bildirərək, yaxın gələcəkdə İsveçrə parlamentinin bu faciəyə hüquqi qiymət verəcəyinə ümidvar olduğunu bəyan etmişdir.

Növbəti çıxışçı, Avropa Azərbaycan Cəmiyyətinin nümayəndəsi Eliza Piter Xocalı soyqırımı barədə məlumat verilməsinin əsas məqsədinin intiqam hissi deyil, ədalətin bərpasının təmin olunması olduğunu, bu faciədən sağ qalanların ailələri üçün bunun bir təskinlik olacağını bildirmişdir.

Daha sonra səhnəyə çıxan fransız bəstəkar Pyer Tilua bu faciəyə biganə qalmağın mümkün olmadığını, hadisənin qurbanlarının xatirəsi qarşısında öz insanlıq borcunu yerinə yetirərək “Xocalı 613” musiqi əsərini bəstələdiyini bildirmişdir.

Sonda isə “Xocalı 613” əsəri tamaşaçılara təqdim edilmiş, o cümlədən Azərbaycan və qərb bəstəkarlarının əsərləri ifa edilmişdir.

Tədbirdə İsveçrənin müxtəlif dövlət qurumlarının təmsilçiləri, diplomatik korpusun üzvləri, yerli ictimaiyyətin nümayəndələri, Azərbaycan və türk diasporu iştirak etmişlər.

növbəti xəbər əvvəlki xəbər

bakushop_1