2017-03-16
İsveçrənin Bern şəhərində "Əli və Nino" filminin premyerası keçirilib

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə 15 mart 2017-ci il tarixində iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi çərçivəsində Bernin Bellevue Palace mehmanxanasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın prodyüseri olduğu “Əli və Nino” filminin İsveçrədə premyerası keçirilmişdir.

Tədbiri giriş nitqi ilə açan səfir Əkrəm Zeynallı əslən azərbaycanlı olan və Azərbaycan Demokratik Respublikasının bolşevik işğalından sonra Avropaya mühacir edən yazıçı Qurban Səidin 1937-ci ildə Avstriyada alman dilində nəşr edilən və 30-dan artıq xarici dilə tərcümə edilən eyni adlı əsərinin mövzusu üzrə çəkilən bu filmin o dövrün reallıqlarını, o cümlədən Cənubi Qafqaz xalqlarının mədəniyyəti, adət-ənənələri və milli xüsusiyyətlərini əks etdirmək baxımından çox əhəmiyyətli olduğunu vurğulamışdır. Səfir Əkrəm Zeynallı bu filmin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və prodyüserliyi, Oskar mükafatı laureatı Asif Kapadiyanın rejissorluğu ilə çəkildiyini qeyd etmiş, onun ADR-in yaranmasından süqutunadək baş verən əsas hadisələri də obyektiv şəkildə göstərdiyini bildirmişdir. Daha sonra qonaqlar filmi seyr etməyə dəvət olunmuşlar.

Filmin nümayişindən sonra Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyi adından qonaqlara rəsmi ziyafət verilmişdir. Ziyafət çərçivəsində Novruz bayramı ərəfəsi adət ənənələrinə uyğun olaraq, Novruz süfrəsi, o cümlədən Azərbaycanın mədəniyyətinin xüsusiyyətlərini əks etdirən guşə iştirakçılara təqdim edilmişdir.

İsveçrənin dövlət və hökumət nümayəndələrinin, deputatların, diplomatik korpusun üzvlərinin və şirkət nümayəndələrinin, o cümlədən diaspora üzvlərinin iştirak etdiyi bu mədəniyyət tədbiri qonaqlar tərəfindən geniş maraqla qarşılanmışdır.

növbəti xəbər əvvəlki xəbər

bakushop_1