2017-03-28
Bern şəhərində “Multikulturalizm və mədəniyyətlərarası dialoq: İsveçrə və Azərbaycan modelləri” adlı konfrans keçirilmişdir.

2017-ci ilin 28 mart tarixində Bern şəhərindəki İsveçrə Dinlər Evində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin təşəbbüsü və “Dinlər Evi-Mədəniyyətlərin dialoqu” təsisatının birgə təşkilatçılığı ilə “Multikulturalizm və mədəniyyətlərarası dialoq: İsveçrə və Azərbaycan modelləri” adlı konfrans keçirilmişdir. Konfransda Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin birinci müavini Səyyad Salahlının rəhbərlik etdiyi geniş nümayəndə heyəti iştirak etmişdir.

Tədbiri giriş nitqi ilə açan səfir Əkrəm Zeynallı Azərbaycanın əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu bir məkan olduğunu və milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanındığını bildirmişdir. Ölkəmizdə multikulturalizmin artıq alternativi olmayan həyat tərzinə çevrildiyini qeyd edən səfir Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2016-cı ilin ölkəmizdə multikulturalizm ili, 2017-ci ilin isə islam həmrəyliyi ili kimi qeyd olunduğunu diqqətə çatdırmışdır. Qonaqlara Azərbaycanda multikulturalizm və dinlərarası dialoq mühiti barəsində ümumi məlumat verın səfir bu tədbirin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə İsveçrənin “Dinlər Evi – Mədəniyyətlərin Dialoqu” təşkilatına və Azərbaycanın müxtəlif qurumlarını təmsil edən nümayəndə heyətinin üzvlərinə təşəkkürünü bildirmişdir.

Qonaqlara Azərbaycan dövlətinin müxtəlif dini icmalara münasibətdə həyata keçiridiyi siyasət barədə ətraflı məlumat verən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin birinci müavini Səyyad Salahlı, bu istiqamətdə tarixən formalaşan milli-mənəvi dəyərlərdən söz açmış, müxtəlif dini icmaların birgəyaşayış nümunəsindən danışmışdır.

Daha sonra çıxış edən “Dinlər Evi-Mədəniyyətlərin dialoqu” təşkilatının rəhbəri xanım Gerda Hauk İsveçrədə multikulturalizm və dinlərarası münasibətlərə nəzər salmış, bu istiqamətdə mövcud olan qanunvericilik aktlarını qeyd edərək bir sıra çatışmazlıqların olduğunu vurğulamışdır. O, İsveçrədə dövlət-din münasibətlərinin tənzimlənməsində Kantonların və Konfederasiyanın özünəməxsus rol oynadığını qeyd edərək, bəzi Kantonlarda bir sıra fərqliliklərin olduğunu bildirmişdir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin analitik şöbəsinin müdiri Rəşad İlyasov öz çıxışında Mərkəzin yarandığı tarixdən etibarən gördüyü işlərdən və uğurlu təcrübələrindən, o cümlədən İsveçrənin Friburq Universitetinin timsalında dünyanın 15 ölkəsində “Azərbaycan multikulturalizmi” mövzusunda dərslərin keçirilməsindən danışmışdır.

Növbəti çıxışçı, Dağ Yəhudiləri icmasının rəhbəri Milix Yevdayev Azərbaycanda yəhudi icmasının tarixən formalaşması və hazırkı həyat tərzindən, dövlət tərəfindən onlara yaradılmış şəraitdən bəhs etmişdir.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov çıxış edərək əhalisinin 95 faizini müsəlmanların təşkil etdiyi Azərbaycanda müxtəlif dini konfessiyaların üzvləri arasında formalaşan qarşılıqlı hörmət və birgəyaşayış modelinin qorunması istiqamətində müsəlman icmasının fəaliyyətindən danışmışdır.

Sonda Bolqarıstanın İsveçrədəki səfiri xanım Meqlena Pluqçiyeva-Aleksandrova söz götürərək, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Heydər Əliyev Fondunun Prezidenti qismində Bolqarıstanın Veliko Tarnovo şəhərində “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasını dəstəklədiyini qeyd etmiş, bu addımın Bolqar xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayaraq, Mehriban Əliyevaya dərin təşəkkürünü bildirmişdir.

Konfransda həmçinin “Azərbaycan- tolerantlıq məkanı” adlı sənədli film nümayiş etdirilmiş və iştirakçılar tərəfindən rəğbətlə qarşılanmışdır.

İsveçrədə fəaliyyət göstərən müxtəlif dini icmaların nümayəndələrinin, diplomatik korpusun üzvlərinin, jurnalistlərin və tədqiqatçıların iştirak etdiyi bu tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılmışdır.

Konfransın ardınca “Azərbaycanda dövlət-din münasibətlərinin xüsusiyyətləri” mövzusunda sərgi təşkil olunmuşdur. Eyni zamanda, iştirakçılara milli mətbəximizin nümunələrindən ibarət ziyafət verilmişdir.

növbəti xəbər əvvəlki xəbər

bakushop_1