2017-05-02
Azərbaycan nümayəndə heyətinin İsveçrə Peşə təhsili sistemi ilə tanış olmaq üçün işgüzar səfəri

Cari ilin 25-27 aprel tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayevin rəhbərli etdiyi nümayəndə heyəti İsveçrədə işçi səfərdə olmuşdur. Səfərin əsas məqsədi dünyanın ən aparıcı peşə təhsili və təlimi sistemlərindən birinə malik olan İsveçrənin təcrübəsini öyrənmək, bu təcrübənin Azərbaycanda tətbiq olunması mexanizmlərinin araşdırılması və gələcəkdə qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi olmuşdur.

Səfər zamanı nümayəndə heyəti İsveçrə Təhsil, Tədqiqat və İnnovasiyalar üzrə Dövlət Katibliyinin Beynəlxalq əlaqələr idarəsinin rəhbəri, səfir Mauro Morutsi tərəfindən qəbul edilmişdir. Görüşdə nümayəndə heyətinə İsveçrənin peşə təhsil və təlimi sistemi barədə geniş məlumat verilmiş, təcrübi və nəzəri biliklərin kombinasiya edilməsinin xüsusiyyətləri, müxtəlif dövlət və özəl qurumlar arasında əməkdaşlığın çərçivələri barədə danışılmışdır.

Səfər çərçivəsində, nümayəndə heyəti Kənd Təsərrüfatı, Meşə və Qida Elmləri Məktəbi və İsveçrə Mehmanxanalar Assosiasiyasını ziyarət etmiş, hər iki sahə üzrə İsveçrədə tətbiq olunan yeniliklərlə tanış olmuşlar.

26 aprel tarixində Vintertur və Baden şəhərlərində yerləşən peşə təhsili məktəblərində görüş keçirən nümayəndə heyəti, əyani olaraq İsveçrə modelinin fəaliyyət mexanizmləri, xüsusiyyətləri, federal və kantonal səviyyədə qarşılıqlı əməkdaşlıq formaları ilə tanış olmuşlar.

27 aprel tarixində qonaqlar Lozanna Mehmanxanaçılıq Məktəbinin fəaliyyəti ilə tanış olmuş, sözügedən təhsil müəssisəsi ilə əməkdaşlıq imkanlarını müzakirə etmişlər. Daha sonra nümayəndə heyəti Lozanna şəhərində yerləşən İsveçrənin Peşə Təhsili üzrə Federal İnstitutunda görüş keçirərək, bu müəssisənin gördüyü işlərlə tanış olmuşdur. Həmin gün Bern şəhərində yerləşən Peşə İnformasiya Mərkəzinə səfər baş tutmuşdur. Görüş zamanı nümayəndə heyətinə bildirilmişdir ki, sözügedən mərkəz iş axtaran gənclərə məsləhət xidmətləri təqdim edir və onlara müvafiq iş tapılmasında köməklik göstərir. Azərbaycan nümayəndə heyətinin səfəri Bern Texniki Məktəbi ilə tanışlıqla sona çatmışdır.

növbəti xəbər əvvəlki xəbər

bakushop_1