Azərbaycan-İsveçrə

Azərbaycan ilə İsveçrə arasında diplomatik münasibətlər  21 yanvar 1992-ci ildə qurulmuşdur. İsveçrə Azərbaycanın müstəqilliyini 23 dekabr 1991-ci ildə tanımışdır.                    

2000-ci ilin yanvarında Azərbaycan Respublikasının Prezidenti H. Əliyev Davosda  keçirilən beynəlxalq iqtisadi forumun işində iştirak etmişdir. Səfər zamanı Azərbaycan Prezidenti H. Əliyev İsveçrə Prezidenti A. Oqi və Federal Maliyyə Departamentinin rəhbəri (Maliyyə Naziri) K. Villiqerlə görüşmüş, digər məsələlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə etmişdir.   

27 oktyabr 2000-ci ildə İsveçrənin Azərbaycanda təyin edilmiş yeni səfiri Valter Feçer etimadnaməsini Prezident H. Əliyevə təqdim etmişdir. 

29-30 oktyabr 2000-ci ildə İsveçrənin Federal Maliyyə Departamentinin rəhbəri K.Villiqer Azərbaycana səfər etmişdir. Səfər zamanı K. Villiqer Azərbaycan Respublikasının Prezidenti H. Əliyevlə,  Baş Nazir A. Rasi-zadə, Maliyyə Naziri Ə. Ələkbərov, Dövlət Əmlakı Naziri F. Əliyev və Milli Bankın İdarə heyətinin sədri E. Rüstəmovla görüşmüşdür.  

2 fevral 2002-ci ildə Azərbaycan  Prezidenti H. Əliyev Nyu-Yorkda Dünya İqtisadi Forumu çərçivəsində İsveçrənin Federal Prezidenti K. Villiger ilə görüşmüşdür.  

2-3 may 2002-ci ildə Vilnüsdə  Avropa Şurası Nazirlər Komitəsinin iclası zamanı Azərbaycan Respublikasının Xarici İşlər Naziri V. Quliyev Federal Xarici İşlər Departamentinin Dövlət Katibi F. Denikenlə görüşmüşdir.          

15 noyabr 2002-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini X.Xələfovun başçılıq etdiyi nümayəndə heyəti İsveçrə Konfederasiyasının Federal Xarici İşlər Departamenti ilə məsləhətləşmələr aparmaq məqsədi ilə İsveçrədə səfərdə olmuşdur.          

7 may 2003-cü ildə Azərbaycanın Xarici İşlər Naziri V.Quliyev İsveçrə Konfederasiyasının İqtisadi məsələlər üzrə Dövlət katibi D. Sayzı qəbul etmişdir.

8-10 aprel 2004-cü ildə Federal Xarici İşlər Departamentinin siyasi direktoru B. Godetin rəhbərlik etdiyi nümayəndə heyəti ikitərəfli məsləhətləşmələr keçirmək məqsədilə Azərbaycanda səfərdə olmuş, Xarici İşlər Naziri E. Məmmədyarov, Nazir müavini X. Xələfov, XSPSAİ-nin rəisi İ. Məmmədov və AR PİA-nın xarici əlaqələr şöbəsinin müdiri N. Məmmədovla görüşlər keçirmişdir.

05 oktyabr 2004-cü ildə Azərbaycan Respublikasının BMT və digər beynəlxalq təşkilatlar yanında Daimi nümayəndəsi E. Əmirbəyov həmçinin, AR-in İsveçrə Konfederasiyasındakı Səfiri təyin olunmuşdur və o, 23 noyabr 2004-cü ildə öz etimadnaməsini İsveçrənin Federal Prezidenti Y. Daysa təqdim etmişdir. 2005-ci ilin sentyabr ayından etibarən AR-in İsveçrədəki Səfirliyi Bern şəhərində fəaliyyətə başlamışdır.

2005-ci ilin mart ayında Nazir müavini M. Məmməd - Quliyev Berndə səfərdə olmuş və İsveçrənin Federal Xarici İşlər Departamentinin Dövlət Katibi, Nazir müavini M. Ambül ilə görüş keçirmişdir. Görüş zamanı siyasi, iqtisadi, humanitar sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri, bir sıra qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər müzakirə olunmuşdur.

23-25 oktyabr 2005-ci ildə Federal Xarici İşlər Departamentinin siyasi direktoru J. De Dardelin rəhbərlik etdiyi nümayəndə heyəti ikitərəfli məsləhətləşmələr keçirmək məqsədilə Azərbaycanda səfərdə olmuş, İqtisadi İnkişaf Naziri H. Babayev, Xarici İşlər Nazirinin müavini X. Xələfov və digər rəsmilərlə görüşlər keçirmişdir.

18 yanvar 2006-cı ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini X.Xələfov Bern şəhərində İsveçrənin Federal Xarici İşlər Departamentinin Dövlət Katibi M.Ambül ilə görüş keçirmişdir. Görüşdə Azərbaycan-İsveçrə əlaqələrinin hazırkı vəziyyətinə və əməkdaşlığın gələcək istiqamətlərinə dair geniş fikir mübadiləsi aparılmışdır.

22-24 fevral 2006-cı ildə İsveçrənin Federal Xarici İşlər Naziri Mişelin Kalmi-Rey Azərbaycan Respublikasında  işgüzar səfərdə olmuşdur. Səfər zamanı AR Prezidenti, Baş Naziri, Xarici İşlər, İqtisadi İnkişaf və Vergilər Nazirləri ilə görüşlər keçirilmiş, bütün sahələrdə əməkdaşlıq məsələləri, ikitərəfli münasibətlərin inkişaf perspektivləri və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuş və Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Hökuməti arasında “Texniki, maliyyə və humanitar əməkdaşlıq haqqında Saziş ”, Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası arasında “İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”, Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası arasında “Gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergi tutmanın aradan qaldırılması haqqında Saziş” və XİN-lər arasında Miqrasiya üzrə Birgə Bəyanat imzalanmışdır.

15 mart 2006-cı ildə Bern şəhərində Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyasının Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının ikinci iclası keçirilmişdir. AR İqtisadi İnkişaf, Vergilər Nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Milli Bankın, Bakı şəhəri İcra Hakimiyyətinin nümayəndələrindən təşkil olunmuş Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Naziri Heydər Babayev rəhbərlik etmişdir.

Nazir müavini M. Məmməd - Quliyev 21 iyun 2006-cı ildə Bernə səfər etmişdir. Səfər çərçivəsində Nazir müavini M.Məmməd-Quliyevin İsveçrənin Federal Xarici İşlər Departamentinin Dövlət Katibi M. Ambül, İsveçrənin İqtisadiyyat üzrə Dövlət katibliyinin icraedici heyətinin üzvü, bu ölkənin Ümumdünya Ticarət Təşkilatı (ÜTT) üzrə Baş Danışıqçısı  Səfir L.Vaseça, eləcə də İsveçrənin Əməkdaşlıq və İnkişaf Agentliyinin Baş Direktoru V. Fust ilə keçirdiyi görüşlərdə  siyasi, iqtisadi, humanitar sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri, habelə bir sıra qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

22 sentyabr 2006-cı ildə Azərbaycan Respublikasının Dövlət  standartlaşdırma, patent və meteorologiya komitəsinin sədri R. Həsənov Berndə səfərdə olmuş İsveçrənin Akkreditasiya Xidmətinin Sistematik məsələlərin idarə edilməsi bölməsinin rəhbəri Jean-Pierre Jaunin, Əqli Mülkiyyət üzrə Federal İnstitutun Texniki əməkdaşlıq bölməsinin rəhbəri Daniyel Kraus və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) ticarət əməkdaşlığı bölməsinin rəhbəri Hans-Peter Eqlerlə görüş keçirmişdir.

24-28 yanvar 2007-ci ildə AR Prezidenti Davos Ümumdünya İqtisadi Forumunda iştirak etmək məqsədilə İsveçrəyə səfər etmişdir və səfər zamanı İsveçrə Konfederasiyasının Prezidenti M. Kalmi-Reylə görüşmüşdür. Görüş zamanı iki ölkə arasında münasibətlər, inkişaf dinamikası, Azərbaycan – Ermənistan münaqişəsi və qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər müzakirə olunmuşdur.

11-17 fevral 2007-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin müavini Ə. Vəliyev İsveçrəyə rəsmi səfər etmişdir. Səfər zamanı Nazir müavini Ə. Vəliyev İsveçrənin Federal Mədəniyyət idarəsinin, Bazel, Bern, Friburq kantonlarının mədəniyyət idarələrinin rəhbərləri, Bern, Montrö, Cenevrə və Sürix şəhərlərinin merləri, eləcə də Pro-Helvetia Fondunun və digər özəl mədəniyyət qurumlarının rəhbərləri ilə görüşmüşdür.

2007-ci ilin mart ayında İsveçrə sərhəd mühafizə korpusunun rəhbəri Y. Nothun Azərbaycana səfəri olmuşdur. Səfər çərçivəsində ARDSX-nin rəisi E. Quliyev həmkarı ilə əməkdaşlıq məsələlərini müzakirə etmişdir.

22-26 aprel 2007-ci ildə Azərbaycan Respublikasının şəhər və rayonlarının icra hakimiyyəti başçıları (13 nəfər) və onları müşayiət edən AR Prezidentinin icra aparatının iki nəfər əməkdaşı İsveçrədə işgüzar səfərdə olmuşdur. Nümayəndə heyəti Cenevrə, Bern, Thun, Sürix və Arbon şəhərlərində olmuş və müxtəlif görüşlər keçirmişdir. Görüşlər zamanı şəhərsalma təcrübəsi, şəhərlərdə inkişaf məsələləri, yol – nəqliyyat sistemləri, tikintilərin aparılması prosesi, bunun üçün icazələrin alınması proseduraları haqqında geniş məlumat verilmiş və qısa gəzintilər təşkil olunmuşdur.

28 aprel 2007-ci ildə Azərbaycanla İsveçrə arasında nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi məqsədilə Azərbaycan Respublikası Nəqliyyat Nazirinin müavini M. Pənahov Bernə səfər etmiş və İsveçrənin Federal Nəqliyyat Ofisinin Direktoru cənab Max Fridli ilə görüşmüşdür.

İsveçrə Federal Xarici İşlər Departamentinin beynəlxalq hüquq idarəsinin rəhbəri Paul Seger 4 – 5 iyun 2007-ci ildə Bakıda səfərdə olmuş, Xarici İçlər Naziri E. Məmmədyarov, Nazir müavinləri X. Xələfov, V. Sadıqov və H. Paşayev tərəfindən qəbul olunmuş, Bakı Dövlət Universitetində, Diplomatik Akademiyada və Qərb Universitetində mühazirələr oxumuşdur.

12-14 iyul 2007-ci ildə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi E. Quliyev İsveçrədə səfərdə olmuşdur. Səfər zamanı iki ölkənin sərhəd mühafizəsi orqanları arasında əməkdaşlıq məsələləri geniş müzakirə olunmuş, qarşılıqlı olaraq müxtəlif təlimlərdə iştirak barədə razılıq əldə edilmiş və əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərin artırılmasının vacibliyi qeyd olunmuşdur.

8-9 oktyabr 2007-ci il tarixlərində İsveçrənin Ətraf Mühit, Nəqliyyat, Energetika və Rabitə üzrə Federal Departamentinin rəhbəri cənab Moritz Leuenberger Azərbaycana səfər etmişdir. Səfər zamanı nümayəndə heyətinin başçısını Federal Nəqliyyat Ofisinin rəhbəri cənab Max Friedli və Federal Energetika Ofisinin rəhbəri cənab Steinmann, habelə departamentin digər nümayəndələri müşayiət etmişlər.

01-04 noyabr 2007-ci ildə İsveçrə Milli Şurasının spikeri xanım Kristin Eqerszegi Obrist Azərbaycan Respublikasına səfər etmişdir. Səfər zamanı İsveçrə parlamentinin spikeri Azərbaycanlı həmkarı O. Əsədovla, AR Xarici İşlər Naziri E. Məmmədyarovla, Milli Məclisin üzvləri ilə görüşlər keçirimiş, həmçinin AR Prezidenti tərəfindən qəbul olunmuşdur. Görüşlər zamanı iki ölkə arasında münasibətlər və parlamentlər arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri geniş müzakirə olunmuşdur.

14 noyabr 2007-ci ildə Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyasının Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının üçüncü iclası keçirilmişdir.

26-27 noyabr 2007-ci ildə AR Xarici İşlər Nazirinin müavini X. Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti XİN-lər arasında ikitərəfli siyasi məsləhətləşmələrin növbəti raundunun keçirilməsi məqsədilə Berndə səfərdə olmuş, Dövlət Katibi M. Ambühl və onun müavini A. Thalmannla görüşlər keçirmişdir.

23-27 yanvar 2008-ci ildə AR Prezidenti Davos Ümumdünya İqtisadi Forumunda iştirak etmək məqsədilə İsveçrəyə səfər etmişdir. Azərbaycan Respublikasının Prezidenti Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində yanvar ayının 24-də İsveçrə Konfederasiyasının Prezidenti P. Kuşpen ilə görüşmüşdür.

25 yanvar  2008-ci ildə  AR Prezidenti Davosda İsveçrə Konfederasiyasının Ətraf Mühitin Mühafizəsi, Nəqliyyat, Energetika və Rabitə Departamentinin rəhbəri, Federal Şuranın üzvü Morits Loyenbergerlə görüşmüşdür. 

04-07 fevral 2008–ci ildə AR Miqrasiya Xidmətinin rəisi A. Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrədə səfərdə olmuşdur. Səfər İsveçrənin miqrasiya sahəsində təcrübəsi ilə tanışlıq xarakteri daşımışdır.

04 fevral 2008-ci ildə Ümumdünya Poçt İttifaqının (ÜPİ) Bern şəhərində yerləşən Qərargahında “Azərbaycanın poçt markaları 1918-2007-ci illərdə” mövzusunda sərgi təşkil edilmişdir.

Tədbirin açılışında Ümumdünya Poçt İttifaqının Baş Direktoru cənab Eduard Dayan, Azərbaycanın İsveçrədəki Səfiri E.Əmirbəyov, Respublikamızın Rabitə və İnformasiya Texnologiyaları Nazirinin Müavini İ.Məmmədov çıxış etmişlər.

18 fevral 2008-ci ildə Bern şəhərində Azərbaycan Respublikasının Nəqliyyat Naziri Z.Məmmədov İsveçrənin Ətraf Mühit, Nəqliyyat, Energetika və Rabitə üzrə Federal Departamentinin rəhbəri cənab M.Leunberger ilə görüşmüşdür.

10-13 may 2008-ci ildə İsevçrə Konfederasiyasının Federal Prezidenti P. Kuşpen AR Prezidentinin dəvəti ilə Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Səfər zamanı AR Prezidenti, Baş Naziri və Milli Məclisin sədri ilə görüşlər keçirilmiş, görüşlərdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişafından məmnunluq ifadə edilmiş və əlaqələrin daha da genişlənməsi üçün yaxşı perspektivlərin olduğu vurğulanmışdır.

18-20 iyun 2008-ci ildə İsveçrə Parlamentinin Kantonlar Şurasının üzvü, Milli Şuranın keçmiş Prezidenti (2007) xanım Christine Egerszegi-Obrist Bakıya səfər etmiş və Azərbaycan Respublikasının Milli Məclisinin 90 illik yubileyi ilə əlaqədar keçirilmiş tədbirlərdə iştirak etmişdir.

19 – 20 noyabr 2008 – ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Naziri E. Məmmədyarov İsveçrədə rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində Nazir İsveçrənin Federal Prezidenti P. Kuşpen, Federal Parlamentin spikeri A. Bugnon, Federal Xarici İşlər Departamentinin rəhbəri M. Kalmi – Rey və Kantonlar Şurasının üzvü  K. Egerszegi – Obristlə görüşlər keçirmişdir.

27 – 30 yanvar 2009 – cu ildə Azərbaycan Respublikasının Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti Davos Ümumdünya İqtisadi Forumunda iştirak etmək məqsədi ilə İsveçrədə işgüzar səfərdə olmuşdur.

20-21 may 2009 – cu ildə İsveçrənin Federal Xarici İşlər Departamentinin Dövlət Katibi M. Ambühl Bakıda səfərdə olmuşdur.

16 – 18 sentyabr 2009-cu il tarixlərində Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Oqtay Əsədov İsveçrəyə ilk rəsmi səfərini etmişdir. Səfər çərçivəsində İsveçrə Konfederasiyasının Milli Şurasının prezidenti xanım Kiara Simoneşi – Kortesi, Kantonlar Şurasının sədri cənab Alen Berse, Milli Şuranın vitse-spikeri cənab Jean-Rene Germanier, Federal Xarici İşlər Departamentinin rəhbəri xanım Mişlin Kalmi – Rey, İsveçrə Parlamentində Azərbaycan ilə dostluq qrupunun üzvləri ilə görüşlər keçirilmişdir. Görüşlərdə ikitərəfli münasibətlər, iki ölkənin parlamentləri arasında əməkdaşlıq, regional əməkdaşlıq və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti cənab Hans – Rudolf Mertsin dəvəti ilə 2009 – cu ilun 18 – 20 oktyabr tarixlərində bu ölkəyə ilk rəsmi səfərini həyata keçirmişdir. Səfər çərçivəsində İsveçrə Konfederasiyasının Federal Prezidenti H. R. Merts, Kantonlar Şurasının sədri Alen Berse, Bern şəhərinin meri Aleksander Çeppet ilə görüşlər keçirilmişdir. Görüşlərdə ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

Oktyabrın 19-da İsveçrənin paytaxtı Berndə Azərbaycan Mədəniyyət Günlərinin rəsmi açılışı olmuşdur. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və xanımı, İsveçrə Prezidenti Hans-Rudolf Merts və xanımı iştirak etmişlər.

18 yanvar 2010-cu il tarixində Bern şəhərində Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyasının Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclası keçirilmişdir. Ölkəmizin İqtisadi İnkişaf, Xarici İşlər, Vergilər, Maliyyə, Ədliyyə, Səhiyyə, Mədəniyyət və Turizm Nazirliklərinin, Milli Bankın, “Azərsu” ASC, Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələrindən təşkil olunmuş nümayəndə heyətinə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Naziri Ş.Mustafayev rəhbərlik etmişdir.

27-28 yanvar 2010-cu il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Davos Ümumdünya İqtisadi Forumunun növbəti, sayca 40-cı yubiley görüşündə iştirak etmək məqsədilə İsveçrədə işgüzar səfərdə olmuşdur. Səfər çərçivəsində yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İsveçrə Konfederasiyasının Prezidenti xanım Doris Loythard ilə görüş keçirmişdir.

25 aprel - 2 may 2010-cu il tarixlərində Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti başçılarlı (9 nəfər) və onları müşayiət edən AR Prezidentinin Administrasiyasının iki nəfər əməkdaşından ibarət nümayəndə heyəti İsveçrəyə işgüzar səfər etmişdir. Nümayəndə heyəti Sant Qallen, Bazel, Baden, Montrö və Lozanna şəhərlərində olmuş, yerli idarəetmə orqanarının və ərazi inkişafı qurumlarının nümayəndələri ilə müxtəlif görüşlər keçirmişdir. Görüşlər zamanı şəhərsalma təcrübəsi, şəhərlərdə inkişaf və abadlıq məsələləri, yol-nəqliyyat sistemi, tikintilərin aparılması prosesi, bunun üçün icazələrin alınması proseduraları və digər aidiyyəti mövzular haqqında geniş məlumat verilmiş və şəhərlərlə tanışlıq gəzintiləri təşkil olunmuşdur.

9-13 may 2010-cu il tarixlərində Azərbaycan Respublikası Milli Məclisinin Sədri O. Əsədovun dəvəti əsasında İsveçrə Parlamentində fəaliyyət göstərən İsveçrə-Azərbaycan Dostluq Qrupunun sədri, İsveçrə Kantonlar Şurasının üzvü Kristin Egerszegi-Obristin rəhbərliyi altında Dostluq Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər etmişdir.

2010-cu ilin 30 sentyabr tarixində Bern şəhərində Azərbaycan və İsveçrə arasında Xarici İşlər Nazirlərinin müavinləri səviyyəsində növbəti siyasi məsləhətləşmələr keçirilmişdir. Görüşdə Azərbaycan tərəfini AR Xarici İşlər Nazirinin müavini X.Xələfov, İsveçrə tərəfini isə Dövlət Katibi, Xarici İşlər üzrə Federal Departamentin Siyasi Məsələlər üzrə direktoru P.Maurer təmsil etmişlər.

12 yanvar 2011-ci ildə İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasına yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli Səfiri xanım Sabin Ulmann Shaban  AR Xarici İşlər Naziri Elmar Məmmədyarovla görüşmüşdür.

26-28 yanvar 2011-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Davos Ümumdünya İqtisadi Forumunun növbəti İllik Görüşündə iştirak etmək məqsədilə İsveçrədə işgüzar səfərdə olmuşdur. Səfər çərçivəsində yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti İsveçrə Konfederasiyasının Prezidenti xanım M.Kalmi-Rey ilə görüş keçirmişdir.

13-15 mart 2011-ci il tarixində  Azərbaycan Respublikasının Prezidentinin dəvəti ilə İsveçrə Konfederasiyasının Prezidenti xanım M.Kalmi-Rey Azərbaycanda rəsmi səfərdə olmuşdur. Səfər zamanı İsveçrə Prezidenti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Baş Naziri A. Rasi-zadə və Milli Məclisin Sədri O. Əsədov ilə görüşlər keçirmişdir.

04-06 may 2011-ci il tarixlərində  Azərbaycanda fəaliyyət göstərən kitabxanaların təmsilçilərindən ibarət nümayəndə heyəti İsveçrədə səfərdə olmuşdur.

15-22 may 2011-ci il tarixlərində Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti başçılarlı (10 nəfər) və onları müşayiət edən AR Prezidentinin Administrasiyasının bir əməkdaşından ibarət nümayəndə heyəti İsveçrəyə işgüzar səfər etmişdir. Nümayəndə heyəti Bern, Aarau, Soloturn, Friburq və Cenevrə şəhərlərində olmuş, yerli idarəetmə orqanarının və ərazi inkişafı qurumlarının nümayəndələri ilə müxtəlif görüşlər keçirmişdir. Görüşlər zamanı şəhərsalma təcrübəsi, şəhərlərdə inkişaf və abadlıq məsələləri, yol-nəqliyyat sistemi, tikintilərin aparılması prosesi, bunun üçün icazələrin alınması proseduraları və digər aidiyyəti mövzular haqqında geniş məlumat verilmiş və şəhərlərlə tanışlıq gəzintiləri təşkil olunmuşdur.

02-03 sentyabr 2011-ci il tarixində İsveçrənin Vitse-Prezidenti və Federal Maliyyə Departamentinin rəhbəri xanım Evelin Vidmer-Şlumpf Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində İsveçrənin Vitse-Prezidenti Azərbaycan Respublikasının Prezidenti cənab İ. Əliyev, Baş Naziri cənab A. Rasi-zadə tərəfindən qəbul edilmiş və eləcə də Azərbaycan Respublikasının İqtisadi İnkişaf Naziri cənab Ş. Mustafayev və Maliyyə Naziri cənab S. Şərifov ilə görüşlər keçirmişdir.

26-28 oktyabr 2011-ci il tarixlərində Bakıda Qərbi İsveçrə biznes dairələrinin iştirakı ilə Azərbaycan-İsveçrə biznes forumu keçirilmişdir. İsveçrənin qərb bölgəsində fəaliyyət göstərən 25-ə yaxın şirkətin iştirakı ilə keçirilmiş forumda Azərbaycan və İsveçrə şirkətləri arasında əlaqələrin yaradılması, mövcud əməkdaşlıqların genişləndirilməsi, habelə qarşılıqlı sərmayələrin yatırılması kimi məsələlər ətraflı müzakirə edilmişdir. İsveçrə nümayəndə heyətinə Cenevrə kantonunun Dövlət Müşaviri Pyer-Fransua Unger rəhbərlik etmişdir.

13-15  noyabr 2011-ci il tarixlərində İsveçrə Konfederasiyasının Ətraf Mühit, Nəqliyyat, Energetika və Rabitə Federal Departamentinin rəhbəri D.Loythard Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində İsveçrənin Ətraf Mühit, Nəqliyyat, Energetika və Rabitə Federal Departamentinin rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İ. Əliyev tərəfindən qəbul edilmiş, habelə Azərbaycan Respublikasının Xarici İşlər Naziri E. Məmmədyarov,  Energetika və Sənaye Naziri N. Əliyev, Dövlət Neft Şirkətinin Prezidenti R. Abdullayev və onun müavini E. Nəsirov ilə görüşlər keçirmişdir.

Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyasının Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının növbəti 5-ci iclası 2011-ci ilin 8 dekabr tarixində Bakı şəhərində keçirilmişdir. Komissiyanın toplantısı zamanı aparılmış müzakirələrin nəticələrinə dair müvafiq yekun Protokol razılaşdırılaraq imzalanmışdır. Komissiyanın iclasında ölkəmizin nümayəndə heyətinə AR İqtisadi İnkişaf Naziri Ş.Mustafayev, İsveçrə tərəfinə isə İqtisadi Əlaqələr üzrə Dövlət Katibliyinin (SECO) İdarə Heyətinin üzvü, Səfir Erik Martinin rəhbərlik etmişdir.

25-28 yanvar 2012-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Davos Ümumdünya İqtisadi Forumunun növbəti İllik Görüşündə iştirak etmək məqsədilə İsveçrədə işgüzar səfərdə olmuşdur. Səfər çərçivəsində yanvarın 25-də Azərbaycan Respublikasının Prezidenti İsveçrə Konfederasiyasının Prezidenti xanım Evelin-Vidmer Şlumpf ilə görüş keçirmişdir.

26 iyun 2012-ci il tarixində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında yeni təyin olunmuş Səfiri Əkrəm Zeynallı etimadnamələrini  İsveçrə Konfederasiyasının Prezidenti xanım Evelin Vidmer-Şlumpfa təqdim etmişdir.

07-08 sentyabr 2012-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Naziri Samir Şərifov və Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov İsveçrənin Montrö şəhərində keçirilən Beynəlxalq Valyuta Fondu və Dünya Bankında Azərbaycan Respublikasının təmsil olunduğu İsveçrə qrupunun illik görüşündə iştirak etmişlər. Səfər çərçivəsində Maliyyə Naziri S.Şərifov İsveçrə Konfederasiyasının Prezidenti xanım Evelin Vidmer-Şlumpf tərəfindən qəbul edilmişdir.

2012-ci il noyabrın 19-da Bern şəhərində Azərbaycanla İsveçrə arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü münasibəti ilə rəsmi ziyafət təşkil olunmuşdur. Tədbirdə İsveçrənin Federal Xarici İşlər Departamentinin rəsmiləri, İsveçrənin federal və kantonal qurumlarının nümayəndələri, İsveçrə parlamentinin təmsilçiləri, İsveçrədə akkreditə olunmuş diplomatik korpus, Konfederasiyada fəaliyyət göstərən müxtəlif qurumların, biznes dairələrinin nümayəndələri, eləcə də İsveçrədəki Azərbaycan diasporasının üzvləri, bu ölkədə təhsil alan Azərbaycanlı tələbələr və elmi fəaliyyət ilə məşğul olan ziyalılar iştirak etmişlər.

2012-ci il dekabrın 3-11-də Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrə Konfederasiyasında səfərdə olmuşdur. Səfər zamanı təhsil naziri İsveçrənin təhsil və tədqiqat məsələləri üzrə dövlət katibi Mauro Del Ambrocio ilə görüşmüş, habelə Lozanna Federal Politexnik Universitetində, Qlion Ali Təhsil İnstitutunda, Lüsern Mərkəzi İsveçrə Pedaqoji İnstitutunda və Bern Universitetində olmuşdur.

11 dekabr 2012-ci ildə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə və Azərbaycan XİN-ləri arasında məsləhətləşmələr məqsədilə Azərbaycanda səfərdə olan İsveçrə Konfederasiyasının xarici işlər nazirinin müavini və dövlət katibi İv Rossyenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi, o cümlədən enerji məsələləri, Ermənistan-Azərbaycan münaqişəsi müzakirə olunmuşdur. Səfər çərçivəsində İv Rossye həmçinin xarici işlər nazirinin müavinləri X.Xələfov və A.Əzimovla da görüşmüşdür.

2013-cü il yanvarın 24-də Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti cənab Ueli Maurerin görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunmuş, ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, xüsusilə də enerji sektorunda inkişaf perspektivlərinin önəmi vurğulanmışdır. Həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılmışdır.

12-13 aprel 2013-cü il tarixlərində İsveçrə Federal Şurasının üzvü və Konfederasiyanın İqtisadiyyat, Təhsil və Tədqiqat Məsələləri üzrə Federal Departamentinin rəhbəri (nazir) Yohan Şnayder Ammanın rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olmuşdur. Səfər zamanı nümayəndə heyətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qəbul etmiş, eləcə də İqtisadi İnkişaf, Maliyyə, Rabitə və İnformasiya Texnologiyaları, Sənaye və Energetika nazirliklərində görüşlər keçirilmişdir. Səfər çərçivəsində nümayəndə heyəti həmçinin “Səngəçal” terminalını və “Holcim” şirkətinə məxsus zavodu da ziyarət etmişdir. Sözügedən səfər çərçivəsində nazir Yohan Şnayder Ammanı geniş tərkibli iş adamları qrupu muşayiət etmişdir.

2013-cü il iyulun 1-2-də Azərbaycan-İsveçrə ikitərəfli münasibətləri tarixində ilk dəfə olaraq İsveçrə Konfederasiyası Federal Parlamentinin Kantonlar Şurasının sədri Filippo Lombardi Azərbaycanda səfərdə olmuşdur. Səfər çərçivəsində F.Lombardi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, eləcə də Milli Məclisin sədri, xarici işlər naziri və digər rəsmi şəxslər tərəfindən qəbul edilmişdir. Görüşlərdə siyasi, iqtisadi, o cümlədən enerji sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

2013-cü il sentyabrın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində Nyu-Yorkda isveçrəli həmkarı Didye Burkhalter ilə görüş keçirmişdir. Görüş zamanı iki ölkə arasında münasibətlər müzakirə edilmişdir. Didye Burkhalter TAP layihəsinin seçilməsi münasibəti ilə nazir Elmar Məmmədyarovu təbrik etmiş və sözügedən layihənin Avropa ölkələrinin enerji təminatına önəmli töhfə verəcəyini qeyd etmişdir. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu həlli ilə istiqamətində aparılan danışıqlar prosesi barədə qarşı tərəfə məlumat vermiş və münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal olunmuş ərazilərindən çıxarılmasının zəruriliyini vurğulamışdır.

18 oktyabr 2013-cü ildə İsveçrə Konfederasiyasının Prezidenti cənab Ueli Maurer cənab İlham Əliyevi növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik etmişdir.

2013-cü il noyabrın 15-də Azərbaycan Respublikası xarici işlər nazirinin müavini A.Əzimov siyasi məsləhətləşmələr aparmaq məqsədilə İsveçrəyə rəsmi işgüzar səfər etmişdir. Səfər zamanı nazir müavini İsveçrə Federal Xarici İşlər Departamentinin dövlət katibi İv Rosye, həmçinin Federal Xarici İşlər Departamentinin Avropa, Mərkəzi Asiya, Avropa Şurası və ATƏT üzrə idarəsinin rəhbəri səfir Artur Mattli və İsveçrənin 2014-cü ildə ATƏT-ə sədrliyi ilə bağlı yaradılmış İşçi Qrupunun rəhbəri səfir Haydi Qrau ilə görüşmüş, iki ölkə arasında siyasi, iqtisadi əməkdaşlıq məsələlərini, Ermənistan-Azərbaycan münaqişəsini, habelə ATƏT-də İsveçrə sədrliyinin prioritetlərini müzakirə etmişdir.

 2014-cü il yanvarın 23-də Davos İqtisadi Forumunun illik toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti cənab Didye Burkhalterin görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli siyasi və iqtisadi münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların hazırkı vəziyyəti və İsveçrənin ATƏT-də sədrliyi çərçivəsində bu münaqişənin həllinə verə biləcəyi töhfəyə dair fikir mübadiləsi aparılmışdır.

9-16 mart 2014-cü il tarixlərində Azərbaycan Respublikasının bir sıra şəhər və rayon icra hakimiyyətlərinin başçılarından ibarət nümayəndə heyəti (Ağstafa, Balakən, Biləsuvar, Culfa, Xızı, Qubadlı, Qobustan, Lənkəran və Siyəzən) İsveçrə Konfederasiyasına işgüzar səfər etmişdir. Nümayəndə heyəti səfər çərçivəsində İsveçrənin Bern, Luqano, İnterlaken, Frauenfeld və Şvits şəhərlərinə işgüzar səfərlər etmiş və müvafiq görüşlər keçirmişlər. Görüşlər zamanı tərəflər İsveçrədə yerli idarəetmənin təşkil edilməsi, şəhər planlaşdırılması və s. mövzular ətrafında fikir mübadiləsi aparmışlar.

2014-cü il mayın 26-da Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyasının Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyasının Bern şəhərində keçirilmiş 6-cı iclasında iştirak etmək üçün AR iqtisadiyyat və sənaye naziri Ş. Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Berndə səfərdə olmuşdur. Həmin gün həmçinin, bir sıra Azərbaycan və İsveçrə şirkətlərinin iştirakı ilə Biznes Forum keçirilmişdir. Tədbirdə hər iki tərəfdən maliyyə və bank, sənaye, ticarət, turizm, əmlak və digər sektorları təmsil edən 150-ə yaxın iş adamı iştirak etmişdir. Mayın 27-də Ş. Mustafayev ilə İsveçrə Federal Şurasının üzvü, İqtisadi Məsələlər, Təhsil və Tədqiqat üzrə Federal Departamentin rəhbəri (nazir) Yohan Şnayder-Ammann arasında görüş keçirilmişdir. Görüşdə tərəflər ölkələr arasında ikitərəfli iqtisadi əlaqələrin hazırkı durumu və əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparmışlar.

2014-cü il iyunun 2-də İsveçrə Konfederasiyasının Prezidenti cənab Didye Burkhalter Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Səfər çərçivəsində o, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən qəbul edilmiş, habelə Baş nazirin müavini Əli Həsənov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşmüşdür. Görüşlərdə Azərbaycanla İsveçrə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq məsələləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, habelə İsveçrənin ATƏT-də sədrliyi ilə Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi arasında əməkdaşlıq imkanları müzakirə edilmişdir.

2014-cü il iyunun 28-də İsveçrə Konfederasiyasının Prezidenti və Federal Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalter ATƏT-in fəaliyyətdə olan sədri qismində Bakıya səfər edərək ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasında iştirak etmişdir.

İyulun 5-də İsveçrə Federal Şurasının üzvü, maliyyə naziri Evelin Vidmer-Şlümpf və İsveçrə Milli Bankının sədri Tomas Yordan Beynəlxalq Valyuta Fondu və Dünya Bankında İsveçrənin rəhbərlik etdiyi seçki qrupunun Bakıda keçirilən iclasda iştirak etmişlər. Azərbaycanın bu qrupa üzv olduğu 1992-ci ildən etibarən ilk dəfə idi ki, belə bir iclas Bakıda baş tuturdu. İclas çərçivəsində, həmçinin, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifovla E. Vidmer-Şlümpf arasında görüş keçirilmişdir.

2014-cü il oktyabrın 3-5-də Cenevrədə keçirilən ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirak etmək məqsədilə Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini Bahar Muradovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti İsveçrədə işgüzar səfərdə olmuşdur.

2014-cü il oktyabrın 14-16-da Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşəbbüsü ilə Bern şəhərində ölkəmizin müstəqillik gününə həsr olunmuş “Azərbaycanın gənc rəssamları İsveçrədə” adlı rəsm sərgisi təşkil olunmuşdur.

2014-cü il noyabrın 11-də və 13-də Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin və İsveçrə-MDB Müştərək Ticarət Palatasının təşkilatçılığı ilə Sürix və Cenevrə şəhərlərində “İsveçrə şirkətləri üçün Azərbaycanın qeyri-neft sektorunda imkanlar” adlı Azərbaycan-İsveçrə Biznes Konfransı təşkil edilmişdir.

2014-cü il dekabrın 4-5-də Bazel şəhərində keçirilən ATƏT Nazirlər Şurasının toplantısında iştirak etmək məqsədilə Azərbaycan Respublikasının xarici işlər naziri E. Məmmədyarov İsveçrədə işgüzar səfərdə olmuşdur.

2015-ci il yanvarın 23-də Davos İqtisadi Forumunun illik toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti xanım Simonetta Sommaruqanın görüşü olmuşdur. Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli siyasi münasibətlər, iqtisadi əməkdaşlığın hazırkı durumu və onun daha da inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların hazırkı vəziyyətinə dair fikir mübadiləsi aparılmışdır.

2015-ci il fevralın 20-də Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə Bernin Bellevue Palace hotelində “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” və “Unudulmuş münaqişə” adlı kitabların təqdimatı və litvalı rejissör Andrius Brokasın çəkdiyi “Sonsuz dəhliz” adlı filmin nümayişi təşkil olunmuşdur.

2015-ci il martın 4-5-də Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini Bahar Muradovanın rəhbərliyi ilə Milli Məclisinin İsveçrə Parlamenti ilə dostluq qrupu İsveçrəyə rəsmi səfər etmişdir. Səfər zamanı nümayəndə heyəti İsveçrə Parlamentinin aşağı palatası olan Milli Şuranın Sədri Stefan Rossini, yuxarı palatası Kantonlar Şurasının Sədri Klod Eş, İsveçrə Parlamentinin Azərbaycanla Dostluq qrupunun sədri Kristina Eqerzeqi-Obrist və sədr müavini Filippo Lombardi, İsveçrə Parlamenti palatalarının xarici siyasət komitələrinin sədrləri Feliks Qutzviller və Karlo Sommaruqa, İsveçrə Federal Xarici İşlər Departamentinin dövlət katibi İv Rosye, Bern şəhərinin meri Aleksandr Çeppet və Qrüyer şəhərinin meri Jan-Pyer Duta ilə görüşmüş, ölkələr arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə, o cümlədən parlamentlər arasında əməkdaşlıq və onun gələcək inkişaf perspektivlərini, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səyləri və s. müzakirə etmişdir. 

2015-ci il aprelin 23-24-də İsveçrənin Lüsern şəhərində 4-cü Dünya Turizm Forumu keçirilmişdir. Forumun təsisçiləri “dünyanın ən dinamik inkişaf edən iqtisadiyyatına” malik olduğuna görə Azərbaycanı bu mötəbər beynəlxalq tədbirdə qonaq ölkə qismində iştiraka dəvət etmişlər. Bununla, təsis edildiyi vaxtdan ilk dəfə forumda bir dövlət xüsusi “qonaq ölkə” qismində çıxış etmişdir. Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədovun başçılığı ilə Azərbaycan Turizm və Menecment Universitetinin və turizm şirkətlərinin nümayəndələrinin də daxil olduğu nümayəndə heyəti iştirak etmişdir.

2015-ci il mayın 1-5-də Səfirlik tərəfindən Berndə akkreditə olunmuş bir sıra səfirlərin Azərbaycana tanışlıq səfəri təşkil edilmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Fəxri və Şəhidlər Xiyabanlarını ziyarət etmiş, Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, Xalça Muzeyi, İçəri Şəhər Tarix Muzey Kompleksi, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olmuş, eləcə də xarici işlər, mədəniyyət və Turizm nazirləri ilə görüşmüş və Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinə baş çəkmişlər. Onlara ölkədə aparılan islahatlar, Avropa Oyunlarına hazırlıq işləri barədə məlumat verilmiş, səfirlər Azərbaycan xalqının mədəniyyəti və mətbəxi ilə tanış olmuşlar.

2015-ci il iyunun 11-13-də İsveçrə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbərinin müavini F.Lombardi Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə ölkəmizə səfər etmiş, səfər çərçivəsində AR MM-də görüşlər keçirilmişdir.

 2015-ci il iyunun 12-də İsveçrə xarici işlər naziri D.Burkhalter Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə ölkəmizə səfər etmişdir.

 2015-ci il 10-13 sentyabr tarixlərində İsveçrənin Aarqau kantonunun mərkəzi Aarau şəhərində “Xalq musiqisi Federal Bayram”ı təşkil edilmişdir. Əsası 1971-ci ildə qoyulmuş bu tədbirdə Azərbaycan musiqiçiləri “Fəxri qonaq” statusunda iştirak edərək milli muğamın nümunələrini ictimaiyyətə çatdırmışlar.

 2015-ci il sentyabr ayının 13-dən 17-dək Sürix şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 20-ci yubiley İllik Konfransı və Ümumi Yığıncağı keçirilmişdir. Tədbirlərdə ölkəmizi ədliyyə naziri Fikrət Məmmədovun və Baş prokuror Zakir Qaralovun rəhbərlik etdiyi Ədliyyə Nazirliyinin və Prokurorluğun nümayəndə heyətləri təmsil etmişlər. Tədbir çərçivəsində AR Baş prokuroru Z. Qaralov İsveçrənin Baş prokuroru Mixael Lauber ilə görüşmüş və qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmişdir.

 2015-ci il sentyabrın 28-də “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C. Qurbanov İsveçrəyə səfəri çərçivəsində “Ştadler Rail” şirkətinin Altenrayn və Bussnanq qəsəbələrində yerləşən zavodlarına baş çəkmişdir. Zavodların işi və istehsal etdikləri məhsullarla tanışlıqdan əvvəl C. Qurbanov ilə şirkət rəhbəri Piter Şpüler arasında görüş keçirilmişdir. Həmsöhbətlər ölkəmizlə “Ştadler Rail” arasında əsası qoyulmuş səmərəli əməkdaşlıq əlaqələrindən məmnunluqlarını ifadə etmiş və bu əməkdaşlığı daha da inkişaf etdirmək niyyətlərini açıqlamışlar.

2015-ci il dekabrın 19-da ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə İsveçrə Konfederasiyasının Bern şəhərində keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə iştirak etmək üçün Bern şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş keçirilmişdir. Prezidentlərin görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak etmişlər. Prezidentlərin görüşündən əvvəl, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Federal hökumətinin üzvü, Federal Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalterlə də görüşmüşdür.

2016-cı il yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda İsveçrə Konfederasiyasının Prezidenti Yohan Şnayder-Amman ilə görüşmüşdür. Görüşdə ölkələrimiz arasında ikitərəfli siyasi və iqtisadi əlaqələr, iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların hazırkı vəziyyəti ilə bağlı müzakirələr aparılmışdır.

2016-cı il martın 10-da Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyasının Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyasının Bakı şəhərində 7-ci iclası keçirilmişdir.

2016-cı il aprelin 14-də Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini Bahar Muradovanın rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyəti İsveçrənin Bern şəhərində işgüzar səfərdə olmuşdur. Səfər zamanı Milli Məclisin nümayəndə heyəti İsveçrə Parlamentinin yuxarı palatası olan Kantonlar Şurasının Sədri Rafael Kont, Kantonlar Şurasının xarici siyasət komitəsinin sədri Kristian Levra və üzvləri, İsveçrənin xarici işlər üzrə dövlət katibi İv Rosye ilə görüşmüş və İsveçrə Parlamentinə son seçkilərdən sonra yenidən yaradılan Azərbaycanla dostluq qrupunun inauqurasiya mərasimində iştirak etmişdir. Görüşlər zamanı Ermənistan-Azərbaycan münaqişəsi, eləcə də Azərbaycanla İsveçrə arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

25-28 may 2016-cı ildə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İsveçrədə səfərdə olmuşdur. Səfərin məqsədi "Şaxələndirilən iqtisadiyyatda ticarət və investisiya imkanları" mövzusunda 26 may 2016-cı il tarixində Vintertur şəhərində keçirilmiş Azərbaycan-İsveçrə Biznes Forumunda iştirak, eləcə də İsveçrənin əczaçılıq sektorunda fəaliyyət göstərən şirkətləri ilə görüş məqsədi daşımışdır. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti İsveçrənin əczaçılıq sahəsində fəaliyyət göstərən "scienceindustries" və "Interpharma" cəmiyyətləri, eləcə də "Roche", "HERBAMED", "Swissforce Pharma" və "SKAN" şirkətlərinin nümayəndələri ilə görüşlər keçirmiş, əməkdaşlıq imkanları müzakirə edilmişdir.

14-16 iyul 2016-cı il tarixlərində İsveçrə Konfederasiyasının Federal müşaviri və Maliyyə naziri Ueli Maurerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olmuşdur. Səfər zamanı nazir Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev, Maliyyə naziri Samir Şərifov və Mərkəzi Bankın sədri Elman Rüstəmov tərəfindən qəbul edilmişdir.

2016-cı il sentyabrın 5-8-də Səfirliyin təşkilatçılığı ilə İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinterin başçılıq etdiyi nümayəndə Azərbaycana səfər etmişdir. Səfər zamanı nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev, xarici işlər naziri E.Məmmədyarov, Milli Məclisin Sədr müavini B.Muradova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri M.Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini R.Əliyarlı, İsveçrənin və İsrailin Azərbaycandakı səfirləri, eləcə də Azərbaycanda məskunlaşan müxtəlif yəhudi icmalarının nümayəndələri ilə görüşmüş, Quba rayonuna səfər etmiş, habelə Bakı və Qubada yəhudi dini, mədəni və təhsil obyektlərini ziyarət etmişdir.

2016-cı oktyabrın 4-8-də Azərbaycan Respublikasının İsveçrədəki Səfirliyi və Beynəlxalq Bern Caz Festivalının birgə təşkilatçılığı ilə Bern şəhərində yerləşən dünyada yeganə caz mehmanxanası İnnere Engenin “Marians Jazz room” konsert zalında Azərbaycanın tanınmış caz pianoçusu Şahin Növrəslinin iştirakı ilə Azərbaycan caz həftəsi təşkil edilmişdir. Caz həftəsi ərzində, həmçinin, tamaşaçılara Azərbaycan milli yeməklərindən və şərablarından ibarət xüsusi menyu təqdim edilmişdir.

2016-cı il oktyabrın 10-da Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İsveçrədə rəsmi səfərdə olmuşdur. Səfər zamanı o, İsveçrə Federal Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalter, İsveçrə Parlamentinin yuxarı palatası olan Kantonlar Şurasının Sədri Rafael Kont və İsveçrə Parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri Filippo Lombardi ilə görüşmüşdür. Görüşlərdə Azərbaycan-İsveçrə ikitərəfli siyasi, iqtisadi və humanitar əlaqələri, Ermənistan-Azərbaycan münaqişəsi, regional və qlobal məsələlər müzakirə olunmuş, iki nazir “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” və “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında İcazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişləri imzalamışlar.

2016-cı il oktyabrın 19-da Bern Universitetində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə elmi konfrans keçirilmişdir. Professor Deniz Brül-Mozerin moderatorluğu ilə keçirilmiş konfransda Boxum Sülh və Hərbi Münaqişə üzrə Beynəlxalq Hüquq İnstitutunun professoru Hans-Yohan Hayntse, İstanbul Koç Universitetinin Qlobal Ümumi Hüquq Mərkəzindən Dr. Valentina Azarova, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində sözügedən iş üzrə üçüncü tərəf qismində Azərbaycanın maraqlarını təmsil edən Avstriyanın “Lansky, Ganzger und Partner” hüquq şirkətinin rəhbəri Dr. Qabriel Lanski, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan hökumətinin səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov və “Mergen Consulting” şirkətinin rəhbəri Rəhmi Doğan məruzə ilə çıxış etmişlər

2016-cı il oktyabrın 31-də AR Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlının rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrənin Bern şəhərində işgüzar səfərdə olmuşdur. Səfər zamanı İsveçrə Maliyyə Bazarlarına Nəzarət Orqanı (FİNMA) və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) rəhbərliyi və yüksək səviyyəli rəsmiləri ilə görüş keçirilmişdir. Keçirilmiş görüşlərdə FİNMA-nın fəaliyyət istiqamətlərinə dair təqdimatlar edilmiş və təcrübə mübadiləsi aparılmış, eləcə də texniki yardım imkanları, müxtəlif layihələr, o cümlədən uğurla reallaşdırılmış Kapital Bazarlarının Müasirləşdirilməsi layihəsi (CMMP) müzakirə edilmişdir

29 noyabr – 3 dekabr 2016-cı il tarixlərində Azərbaycan Respublikasının İsveçrədəki Səfirliyi və Beynəlxalq Bern Caz Festivalının birgə təşkilatçılığı ilə Bern şəhərində yerləşən dünyada yeganə caz mehmanxanası İnnere Engenin “Marians Jazz room” konsert zalında Azərbaycanın tanınmış caz pianoçusu Əminə Fiqarovanın iştirakı ilə Azərbaycan caz həftəsi təşkil edilmişdir. Caz həftəsi ərzində, həmçinin Azərbaycan mədəniyyəti və turizm ehtiyatları barədə guşə yaradılmış və tamaşaçılara Azərbaycanın milli yeməklərindən və şərablarından ibarət xüsusi menyu təqdim edilmişdir.

2017-ci il yanvarın 17-də Davos şəhərində Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Doris Loythard ilə görüşmüşdür. Görüş zamanı iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafı, gələcək əməkdaşlıq imkanları müzakirə edilmişdir.

2017-ci il fevralın 22-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyi və Avropa Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə Bern şəhərində Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilmişdir. Mərasimdə “Reyn kvarteti” məşhur azərbaycanlı və Qərb bəstəkarlarının əsərlərini, o cümlədən Pyer Tiluanın bəstələdiyi “Xocalı 613” əsərini ifa etmişdir.

2017-ci il yanvarın 23-də Azərbaycanla İsveçrə arasında diplomatic əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Azərbaycan Respublikası xarici işlər naziri E.Məmmədyarov və İsveçrə Konfederasiyasının Federal Xarici İşlər Departamentinin rəhbəri D.Burkhalter məktub mübadiləsi etmişlər.

2017-ci il martın 15-də Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi çərçivəsində Bernin Bellevue Palace mehmanxanasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın prodüseri olduğu “Əli və Nino” filminin İsveçrədə premyerası keçirilmişdir.

2017-ci il martın 16-17-də Azərbaycanla İsveçrə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İ.ƏLiyev və İsveçrə Konfederasiyasının Prezidenti D.Loythard məktub mübadiləsi etmişlər.

2017-ci il martın 28-də Bern şəhərindəki İsveçrə Dinlər Evində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin təşəbbüsü və “Dinlər Evi-Mədəniyyətlərin dialoqu” təsisatının birgə təşkilatçılığı ilə “Multikulturalizm və mədəniyyətlərarası dialoq: İsveçrə və Azərbaycan modelləri” adlı konfrans keçirilmişdir. Konfransda Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlının rəhbərlik etdiyi geniş nümayəndə heyəti iştirak etmişdir.

25-27 aprel 2017-ci il tarixində AR Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev və sözügedən Agentliyin Peşəyönümü və işəgötürənlərlə iş şöbəsinin müdiri Eldar Salahov İsveçrəyə səfər etmişdir. Səfərin məqsədi İsveçrənin peşə təhsili və təlimi sahəsində təcrübəsi ilə yerində tanışlıq və bu sahədə fəaliyyət göstərən aidiyyəti qurum və təşkilatlarla müzakirələrin aparılmasından ibarət olmuşdur.

İsveçrənin “Publishing Partners” nəşriyyat evi Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” (Berg-Karabach. Aus den Quellen erforschte Geschichte ) kitabını alman dilində nəşr etmişdir.

2017-ci il oktyabrın 16-da ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrədə işgüzar səfərdə olmuşdur. Prezidentlərin görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak etmişlər.

bakushop_1