2015-12-13
Ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü

Cari ilin 12 dekabr tarixində xalqımızın Ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin təşkilatçılığı ilə Bern şəhərində anım mərasimi keçirilmişdir.

Mərasimi giriş sözü ilə açan Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı qonaqları Ümummilli liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etmişdir.

Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin tarixin yetirdiyi ən dahi şəxsiyyətlərdən biri olduğunu vurğulayan səfir,  ölkəmizin tarixinin 30 ildən artıq bir dövrünü əhatə edən taleyinin, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrindəki dirçəlişinin məhz Ulu Öndərin adı ilə sıx bağlı olduğunu diqqətə çatdırmışdır.

Ölkəmizə rəhbərlik etdiyi bu illər ərzində Ümummilli lider Heydər Əliyevin Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıdığını, onu bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxara bildiyini, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etdiyini və onun həyata keçirilməsi üçün mühüm addımlar atdığını söyləyən səfir, xalqımızın bugün həm ana vətənimiz Azərbaycanda, həm də onun hüdudlarından kənarda Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Azərbaycançılıq məfkurəsinin ideoloji əsaslarını qoyan Ulu Öndərin müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin və mədəniyyətin inkişafındakı roluna xüsusi diqqət yetirən səfir Əkrəm Zeynallı, onun rəhbərliyi altında müəyyənləşdirilmiş xarici və daxili siyasətin nəticəsində Azərbaycanın dünya ölkələri arasında öz layiqli yerini tutduğunu vurğulamışdır.

Ulu Öndərin bizlərə miras buraxdığı müstəqil Azərbaycan Respublikasının bugün etibarlı əllərdə olduğunu qeyd edən səfir, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.

Bugün Azərbaycanın öz tarixində ən qüdrətli dövrünü yaşadığını söyləyən səfir, ölkəmizin bütün sahələrdəki sürətli inkişafının əsasında Heydər Əliyev uzaqgörənliyinin, dahiliyinin və yüksək amallarının dayandığını qeyd etmişdir.

Daha sonra qonaqlara Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi “Heydər Əliyev Fondu”nun həyata keçirdiyi çoxşaxəli fəaliyyətdən bəhs edən səfir, fondun öz fəaliyyəti ilə Ulu Öndərin yüksək amallarını yaşatdığını vurğulamışdır.

Çıxışdan sonra Ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş “Vətənə, xalqa həsr edilən ömür” adlı sənədli film nümayiş etdirilmişdir. 

Filmdən sonra isə tədbir iştirakçıları Fransadan dəvət olunmuş “Accord Parfait” simli kvartetinin ifasında Azərbaycan və qərb bəstəkarlarının klassik əsərlərini dinləmiş, həmçinin Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş foto-sərgi ilə tanış olmuşlar.

Anım mərasimində İsveçrədəki Azərbaycan və türk diasporunun üzvləri, diplomatik korpusun nümayəndələri və bu ölkədə təhsil alan tələbələrimiz iştirak etmişlər.

növbəti xəbər əvvəlki xəbər