2016-03-18
Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 7-ci iclası

10 mart 2016-cı il tarixində Bakıda Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 7-ci iclası keçirilmişdir. Birgə Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi xanım Liviya Loyun rəhbərlik etdiyi iclasda hər iki ölkənin komissiyada təmsil olunan müvafiq qurumlarının rəsmiləri və tanınmış şirkətlərin nümayəndələri iştirak etmişlər.

Nazir Şahin Mustafayev Azərbaycan və İsveçrə arasında əlaqələrin inkişaf etdiyini, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin xüsusi rolunu vurğulamışdır. Azərbaycanda 65 İsveçrə şirkətinin fəaliyyət göstərdiyini qeyd edən Şahin Mustafayev İsveçrənin "Holcim" şirkətinin Azərbaycanın qeyri-neft sektorunda ən iri və uğurlu layihələrdən birini həyata keçirdiyini qeyd etmişdir. Azərbaycan eyni zamanda İsveçrənin "Stadler Rail Group" şirkəti ilə səmərəli əməkdaşlıq edir, Bakı-Sumqayıt istiqamətində bu şirkətin qatarlarından istifadə olunur. İsveçrənin "AXPO" şirkəti TAP layihəsində 5 faizlik paya malikdir və "Şahdəniz" yatağının 2-ci mərhələsi üzrə qazın alıcısıdır. Bundan başqa, İsveçrənin "ABB Global Marketing FZ-LLC" və "Trub Trading International AG" şirkətləri ilə də uğurlu əməkdaşlıq həyata keçirilir.

Azərbaycan və İsveçrə arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət dövriyyəsinin həcmi 2016-cı ilin yanvarında 2 dəfə, qeyri-neft ticarəti isə 38 faiz artım müşahidə olunmuşdur. İsveçrə hökuməti tərəfindən indiyədək Azərbaycanda 90 milyon dəyərində 30-dan çox layihə icra olunmuşdur ki, bunun 25-i SECO tərəfindən maliyyələşdirilmişdir. Hazırda 8 layihənin icrası davam etdirilir. Bu layihələrdən biznes mühitinin yaxşılaşdırılması ilə bağlı layihə xüsusilə qeyd edilməlidir. Turizm və mədəniyyət sahələrində də ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində bir sıra işlər görülür.

Gələcək əməkdaşlıq istiqamətləri barədə danışan Şahin Mustafayev sənaye, kənd təsərrüfatı, investisiya qoyuluşu, əczaçılıq, tranzit daşımaları, turizm və s. sahələrdə əlaqələrin genişləndirilməsi imkanlarını, iş adamları arasında əməkdaşlığın təşviqi üçün biznes forumların, sərgi və yarmarkaların təşkilinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Sumqayıt Kimya Sənaye Parkında investorlar üçün əlverişli şərait yaradılıb və İsveçrə şirkətləri də bu imkanlardan istifadə edə bilərlər.

İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi xanım Liviya Loy çıxışında Azərbaycana səfərindən və ölkəmizdəki abadlıq-quruculuq işlərindən məmnunluğunu ifadə edib, qarşılıqlı səfərlərin əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb. Xanım Leu ölkələrimiz arasında imzalanmış sənədlərin, o cümlədən investisiyaların təşviqi və qarşılıqlı qorunmasına, ticarət və iqtisadi əməkdaşlığa, ikiqat vergitutmanın aradan qaldırılmasına dair sənədlərin iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinə geniş imkan yaratdığını diqqətə çatdırmış, Birgə Komissiyanın iclasında aparılan müzakirələrin əlaqələrin inkişafı baxımından əhəmiyyətli olduğunu bildirmişdir.

İclas çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri barədə müzakirələr aparılmış, iqtisadi və ticarət əlaqələrinin, investisiya əməkdaşlığının genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilmişdir. İclasda, həmçinin Azərbaycanda əczaçılıq məhsullarının istehsalının yaradılması, qida sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılmışdır. Bundan başqa, İsveçrə şirkətləri ilə tibbi avadanlıq istehsalı sahəsində müzakirələr aparılır. Həmçinin qeyd edilmişdir ki, "Holcim Azerbaijan" sement ixracına başlamağı planlaşdırır. İsveçrənin "ABB Global Marketing FZ-LLC" şirkəti isə Azərbaycanda istehsalat sahəsinin qurulmasını araşdırır. Bundan başqa, iclasda İsveçrənin "SIKA" şirkətinin Sumqayıt Kimya Sənaye Parkının rezidenti olmaq istədiyini qeyd olunmuşdur. Şirkət sənaye parkının ərazisində tikinti qarışıqları istehsal etməyi və ilkin olaraq 5,3 milyon dollar investisiya qoymağı planlaşdırır.

İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 7-ci iclasının yekunlarına dair Protokol imzalanmışdır. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi xanım Liviya Loy imzalamışlar. Protokolda sənaye, ticarət, investisiya qoyuluşu, kənd təsərrüfatı, enerji, turizm və s. sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur. Sənəddə, həmçinin tərəflərin ərazi bütövlüyü və suverenliyinə, habelə beynəlxalq hüququn fundamental norma və prinsiplərinə hörmətlə yanaşdıqları, fiziki və hüquqi şəxslərin fəaliyyətində bu prinsiplərə əsaslanmaq zəruriyyəti qeyd olunur.

növbəti xəbər əvvəlki xəbər