2016-05-09
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü

Hər il 10 may tarixində Azərbaycan xalqı ən görgəmli dövlət xadimlərindən biri, milli yaddaşımızda silinməz izlər buraxan, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin, Azərbaycan xalqının Ümummilli liderinin əziz xatirəsini hörmətlə yad edir. Ümummilli liderin 93-cü doğum gününün yad edilməsi, özündən sonra böyük mənəvi irs qoymuş bu dahi şəxsiyyətin fəaliyyətinə nəzər salmağa imkan verir.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya gəlmişdir. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdır.

Heydər Əliyev 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət etmiş, 1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. O, Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.

Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944-1969) çalışan Heydər Əliyev 1965-ci ildə Azərbaycan SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir. 1969-cu ildə Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etmişdir.

Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969-1982) idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edildi. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.

1987-ci ilin oktyabrında Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verdi.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmişdir.

Azərbaycan xalqı 1993-cü ilin may-iyununda ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə ayağa qalxdı, bu, əsl mənada, milli hərəkata çevrildi. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Daxili sabitliyin əldə edilməsi və qorunması istiqamətində yorulmadan çalışan Heydər Əliyev, 1993-95-ci illər ərzində daxili birliyi təmin edərək, ölkənin çiçəklənməsi prosesinin əsasını qoydu.

1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı. Çox çətin tarixi və geosiyasi təlatümlər dövründə Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılmasını, və beləliklə də, gələcək nəsillər üçün təhlükəsiz neft siyasətinin aparılmasını təmin edən Heydər Əliyev, həm də çox istiqamətli tarazlaşdırılmış xarici siyasət konsepsiyasını formalaşdırdı. O, qonşu ölkələr olan Rusiya və İranla mehriban qonşuluq münasibətlərini inkişaf etdirməklə yanaşı, Qərb ölkələri ilə də bütün sahələrdə münasibətlərin dərinləşdirilməsi istiqamətində fəal siyasət yürütmüşdü.

1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, "Bələdiyyə seçkiləri haqqında qanun"un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.

Dağlıq Qarabağın və digər bitişik 7 rayonun Ermənistanın işğalından azad edilməsi üçün bütün səylərini cəmləşdirən Heydər Əliyev, danışıqlar prosesində və bütün beynəlxalq tribunalarda Azərbaycanın haqqı səsinin dünya ictimaiyyətinə çatdırılması üçün yorulmadan çalışmışdır.

Heydər Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Heydər Əlyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9-10-da dünya azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul etmişdir.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat etmiş, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunmuşdur.

növbəti xəbər əvvəlki xəbər