2016-05-27
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyi 28 May - Respublika Günü münasibətilə Bernin Bellevue Palace mehmanxanasında rəsmi qəbul təşkil etmişdir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri cənab Əkrəm Zeynallı qonaqları salamlayaraq,  Azərbaycanın müstəqillik tarixi barədə məlumat vermiş, müsəlman şərqində ilk demokratik respublikanın 1918-ci ildə Azərbaycanda yaradıldığını bildirmişdir. Həmin dövrdə demokratik dövlət quruculuğu istiqamətində həyata keçirilmiş mütərəqqi siyasət barədə ətraflı danışan səfir, hətta İsveçrədən yarım əsr əvvəl Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun verildiyini vurğulamışdır. O, bu cür demokratik düşüncə tərzinin yeni müstəqillik tarixində də siyasi həyatda uğurla tətbiq edildiyini əlavə etmişdir.

Azərbaycanın müstəqil dövlət quruculuğu tarixində yeni dövrün ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə başladığını qeyd edən səfir Ə.Zeynallı bu istiqamətdə həyata keçirilmiş islahatlardan da söz açmışdır. Səfir əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində ölkəmizin dünyada nüfuzunun artdığını və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırmişdir. Bu xüsusda, səfir Ə.Zeynallı cari ilin aprel ayında BMT-nin Sivilizasiyalar Alyansının VII Forumunun Bakıda təşkil edildiyini, 17-19 iyun tarixlərində isə Formula 1 yarışlarının Avropa Qran-Prisinin Azərbaycanda təşkil olunacağını vurğulamışdır. Səfir həmçinin, Azərbaycan və İsveçrə arasında ikitərəfli münasibətlərə toxunaraq, bütün sahələrdə iki ölkə arasında fəal dialoqun olduğunu və bir sıra yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirildiyini bildirmişdir.

Tədbirdə İsveçrənin dövlət və hökumət rəsmiləri, Berndə akkreditə olunmuş diplomatik korpusun üzvləri, biznes dairələrinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri, həmçinin ictimaiyyətin tanınmış nümayəndələri və diasporanın üzvləri  iştirak etmişlər.

növbəti xəbər əvvəlki xəbər