2016-05-30
26 may 2016-cı il tarixində Vintertur şəhərində İsveçrə-Azərbaycan biznes forumu keçirilmişdir

Cari ilin 26 may tarixində İsveçrənin Vintertur şəhərində “Sulzer” şirkətinin qərargahında  Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin və İsveçrə-MDB Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə İsveçrə-Azərbaycan biznes forumu keçirilmişdir. "Şaxələndirilən iqtisadiyyatda ticarət və investisiya imkanları" mövzusuna həsr olunan tədbirdə Azərbaycanı iqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

Biznes-forumda Azərbaycan və İsveçrə tərəfdən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak etmişdir.

Tədbiri giriş sözü ilə səfir Əkrəm Zeynallı açmışdır. Öz çıxışında səfir Ə.Zeynallı Azərbaycan-İsveçrə əlaqələrinin yüksək səviyyədə olduğunu, uğurla inkişaf edən əməkdaşlığın genişləndirilməsində intensiv qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətinii vurğulamışdır. Azərbaycan və İsveçrə arasında iqtisadi əlaqələrin müxtəlif sahələri əhatə etdiyini qeyd edən səfir bildirmişdir ki, ölkələrimiz arasında iqtisadi sahənin də əhatə olunduğu müvafiq qanunvericilik bazası formalaşdırılmış, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir, əməkdaşlıq iqtisadiyyatın müxtəlif sahələrində uğurla davam etdirilir, iş adamları arasında əlaqələr genişlənir. Səfir Ə.Zeynallı bu tədbirin son iki il ərzində İsveçrədə keçirilən dördüncü biznes forum olduğunu qeyd etmişdir.

Tədbirdə Niyazi Səfərov Azərbaycan iqtisadiyyatı, son zamanlar ölkəmizdə sahibkarlıq, biznes və investisiya mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar barədə geniş məlumat vermişdir. Nazir müavini Azərbaycan-İsveçrə əlaqələrinin uğurla inkişaf etdiyini, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycanda 40-dan çox İsveçrə kapitallı şirkət fəaliyyət göstərir, son 10 ildə İsveçrə tərəfindən Azərbaycan iqtisadiyyatına 550 mln. ABŞ dolları həcmində investisiya yatırılmışdır. Niyazi Səfərov İsveçrəli iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanaraq müxtəlif sahələrə investisiya yatırmağa dəvət etmişdir.

İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Ştalder Azərbaycanda mövcud olan əlverişli biznes mühitinə diqqət çəkmiş, İsveçrə şirkətlərini Azərbaycanda həyata keçirilən layihələrdə fəal iştiraka dəvət etmişdir.

Tədbirdə həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidentinin müşaviri Natiq Mədətov, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəf, eləcə də “MG Consulting” şirkətinin nümayəndəsi Məhəmməd Quluzadə Azərbaycan iqtisadiyyatı və ölkədəki sərmayə mühiti barədə qonaqları məlumatlandırmışıar. Tədbir zamanı həmçinin Trüb Trading İnternational” SC və “HOLCIM-Azərbaycan” ASC-nin təcrübə hesabatlarına yer verilmişdir.

Məruzəçilərin çıxışları tədbir iştirakçılarının böyük marağına səbəb olmuş və sual-cavabla davam etdirilmişdir. Tədbir çərçivəsində iştirakçıların çoxsaylı sualları cavablandırılmışdır. Tədbirin sonunda tədbir iştirakçıları arasında qarşılıqlı müzakirələr (networking) keçirilmişdir

Bern, 30 may 2016

növbəti xəbər əvvəlki xəbər