2016-07-11
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı İsveçrənin Luqano şəhərində işgüzar səfərdə olmuşdur.

Səfər zamanı Luqano şəhərinin meri Marko Borradori ilə görüşən səfir Ə.Zeynallı  Azərbaycan və İsveçrə arasındakı münasibətlərin inkişaf dinamikasından bəhs etmiş, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin iki ölkənin regionları arasında da davam etdirilməsinin əhəmiyyətini vurğulamışdır. Səfir Ə.Zeynallı bu xüsusda Luqano şəhəri ilə Azərbaycanın şəhərlərinin biri arasında əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsində. maraqlı olduğumuzu həmsöhbətin diqqətinə çatdırmışdır.

Öz növbəsində Azərbaycan-İsveçrə münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnun olduğunu bildirən Luqano şəhərinin meri M.Borradori, Azərbaycanda son illərdə müşahidə olunan sürətli inkişafdan xəbərdar olduğunu qeyd etmişdir. O, keçən il keçirilən Birinci Avropa Oyunlarını və bu ilin iyununda keçirilmiş Formula 1 yarışlarının Bakı Qran-Prisini televiziyadan canlı izlədiyini və gördüyü inkişafdan heyrətləndiyini xüsusi vurğulamışdır.

Luqano şəhərinin meri Azərbaycan ilə İsveçrə arasında əməkdaşlıq münasibətlərinin regionlararası əməkdaşlıq münasibətlərinin yaradılması ilə daha da inkişaf etdirilməsinə töhfə verməyə hazır olduqlarını, bu çərçivədə Azərbaycanın uyğun şəhərlərindən biri ilə qarşlıqlı faydalı tərəfdaşlığın qurula biləcəyini bildirmişdir.

Görüşün sonunda Luqano şəhəri ilə Səfirlik arasında mədəni sahədə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, Azərbaycanın həmin şəhərdə daha geniş təbliği üçün mədəni tədbirlərin keçirilməsi barədə ilkin razılıq əldə olunmuşdur.

növbəti xəbər əvvəlki xəbər