2017-01-17
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və İsveçrəli həmkarı Doris Löythardın görüşü olub

Davosda Prezident İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti xanım Doris Löythardın görüşü olub.

İsveçrə Prezidenti Doris Löythard Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə təbriklərini çatdırdı, ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələr üzrə uğurla inkişaf etdiyini bildirdi. Azərbaycan ilə İsveçrə arasında əməkdaşlığın yeni sahələri əhatə etdiyini deyən xanım Doris Löythard maliyyə sektorunda artıq uğurlu əlaqələrin qurulduğunu vurğuladı, ölkələrimizin enerji sahəsində də səmərəli əməkdaşlıq etdiyini bildirdi.

Xanım Doris Löythardın ölkəmizə səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev Azərbaycan ilə İsveçrə arasında uğurlu tərəfdaşlıq əlaqələrinin olduğunu dedi. Dövlətimizin başçısı Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən islahatlardan, dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin təsirlərinin aradan qaldırılması və iqtisadiyyatın inkişaf etdirilməsi, həmçinin iqtisadiyyatın və ixracatın şaxələndirilməsi ilə bağlı ölkəmizdə görülən işlərdən danışdı. Prezident İlham Əliyev ölkəmizin böyük tranzit imkanlarının olduğunu, Azərbaycanın mühüm nəqliyyat tranzit mərkəzinə çevrildiyini bildirdi.

Görüşdə ölkələrimiz arasında dəmir yolu sahəsində yaxşı əməkdaşlığın olduğu vurğulandı, TAP və TANAP layihələri, investisiya, maliyyə-kredit, kənd təsərrüfatı, əczaçılıq və digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər