2017-11-25
Sürix şəhərində biznes forum çərçivəsində Bakı şəhərinin Ümumdünya EXPO 2025 sərgisinə ev sahibliyinə namizədliyi ilə bağlı təqdimat keçirilmişdir

Sürix şəhərində İsveçrə-MDB Birgə Ticarət Palatasının təşkilatçılığı ilə “Cənubi Qafqaz bazarları –MDB, Yaxın Şərq və Avropaya qapıdır” mövzusunda biznes forum təşkil olunmuşdur.

 

Biznes forumda çıxış edən Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri X.İbrahimova Bakı şəhərinin Ümumdünya EXPO-2025 sərgisinə ev sahibliyi etmək üçün namizədliyi barədə tədbir iştirakçılarına ətraflı təqdimat etmişdir.

 

Səfir X.İbrahimova Azərbaycanın müstəqillikdən sonra keçdiyi inkişaf yolu, xüsusilə son dövrlər əldə etdiyi yüksək nailiyyətlər, hökumətin iqtisadiyyatın bütün sahələrində icrasına başladığı yol xəritələri, eyni zamanda, respublikamızın beynəlxalq səhnədə artan nüfuzu və bu xüsusda ölkəmizdə keçirilən çoxsaylı mühüm beynəlxalq tədbirlər barədə məlumat vermişdir. Azərbaycan Respublikasının Ümumdünya EXPO 2025 sərgisinin təşkilinə Bakı şəhərinin namizədliyini irəli sürdüyünü qeyd edən səfir ölkəmizin EXPO 2025 üçün seçdiyi mövzunun – “İnsan kapitalının inkişafı”nın unikal, maraqlı və dövrümüz üçün çox aktual olduğunu qeyd edərək, İsveçrənin də özünün məşhur peşə təhsili və təlimi sistemini, habelə çox inkişaf etmiş qabaqcıl səhiyyəsini və əczaçılıq sahəsini bu sərgidə nümayiş etdirə biləcəyini vurğulamış və forumda iştirak edən İsveçrə şirkətlərini Bakının namizədliyinə dəstək verməyə çağırmışdır. O, forum iştirakçılarının diqqətinə çatdırmışdır ki, Ümumdünya EXPO 2025 sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin seçilməsi EXPO sərgilərinin coğrafiyasını həm ziyarətçi, həm də ev sahibliyi edən ölkələr baxımından genişləndirəcəkdir. Azərbaycanda həyata keçirilən nəqliyyat-infrastruktur layihələrinin bundan sonra da davam edəcəyini bildirən səfir, son illər ölkəmizə gələn turistlərin sayının bir neçə dəfə artdığını, 2025-ci ilədək Bakını 100-dən artıq məntəqə ilə birbaşa hava xəttinin birləşdirəcəyini diqqətə çatdırmışdır. Səfir X.İbrahimova Ümumdünya EXPO 2025 sərgisinin keçirilməsinə Azərbaycanda ən yüksək səviyyədə siyasi dəstəyin mövcudluğunu qeyd edərək, ölkəmizin təcrübəsinin və qonaqpərvərliyinin bu sərginin də mükəmməl səviyyədə keçirilməsinə kömək edəcəyini vurğulamışdır.

Biznes forum çərçivəsində həmçinin, Azərbaycanda fəaliyyət göstərən bir sıra şirkətlərin nümayəndələri çıxış edərək təmsil etdikləri şirkətlərin Azərbaycandakı fəaliyyətindən, şirkətlərinin gördüyü işlərdən danışmışlar. Onlar Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinə öz təqdimatlarında geniş şəkildə yer ayırmış, xarici investorlar üçün ölkəmizdə gözəl mühitin olduğunu vurğulamışlar.

növbəti xəbər əvvəlki xəbər

bakushop_1