2017-11-14
Səfir X.İbrahimova İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət katibi Mari-Qabriel Inayxen-Flayş ilə görüşdə iştirak etmişdir

2017-ci il noyabrın 14-də səfir X.İbrahimova Berndə akkreditə olunmuş qadın səfirlərin İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət katibi Mari-Qabriel Inayxen-Flayş ilə işçi naharında iştirak etmişdir.

Dövlət katibi ilə təkbətək söhbəti zamanı səfir X.İbrahimova İsveçrənin Cənubi Qafqaz üçün qəbul etdiyi 2017-2020-ci illər üzrə əməkdaşlıq strategiyasına toxunmuş, bu çərçivədə İsveçrənin Azərbaycanda bank sektorunun sabitləşməsi, dövlət vəsaitlərinin idarə edilməsi, şirkətlər üçün biznes şəraitinin yaxşılaşdırılması və s. üzrə layihələrə dəstək verməsini təqdir etmişdir.

X.İbrahimova həmçinin, Bakı şəhərinin Ümumdünya EXPO-2025 sərgisinə ev sahibliyi etməyə namizədliyi barədə ətraflı məlumat vermiş, o cümlədən, Azərbaycanın iri beynəlxalq tədbirlər keçirmək təcrübəsindən, ölkədə son illər vüsət almış iqtisadi və sosial inkişafdan, sərgi üçün təklif olunan mövzunun unikallığından, Bakının coğrafi mövqeyinin bu tipli sərginin keçirilməsi üçün əlverişli olmasından, Bakının namizədliyinə ölkəmizin siyasi rəhbərliyinin ən yüksək səviyyədə dəstək göstərməsindən və sərginin uğurlu keçməsi üçün əlimizdən gələni etməyə hazır olmağımızdan danışmış və Bakının namizədliyini dəstəkləməyə çağırmışdır.

növbəti xəbər əvvəlki xəbər