2017-12-25
Berndə Bakının Ümumdünya Ekspo 2025 sərgisinə namizədliyinin təqdimatı keçirilmişdir

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyi İsveçrənin paytaxtı Bern şəhərində 2025-ci il Ümumdünya EXPO Sərgisinə ev sahibliyi etməyə Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə əlaqədar geniş təqdimat mərasimi keçirmişdir.

Bern şəhərinin ən aparıcı Bellevue otelində təşkil olunan mərasimə İsveçrənin mərkəzi və yerli qurumlarının rəhbər şəxsləri, habelə işgüzar dairələrin və ictimaiyyətinin aparıcı simaları və eləcə də İsveçrədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri qatılmışlar.

Tədbirə gələnləri salamlayan Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Xanım İbrahimova Azərbaycanın müstəqillik dövründə keçdiyi inkişaf yolundan, xüsusilə son dövrlər əldə etdiyi yüksək nailiyyətlərdən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən köklü islahatlardan, hökumətin iqtisadiyyatın bütün sahələrində icrasına başladığı yol xəritələri vasitəsilə iqtisadiyyatın diversifikasiyasını həyata keçirməyindən bəhs etmişdir.

Xanım səfir, eyni zamanda, respublikamızın beynəlxalq səhnədə artan nüfuzu və bu xüsusda ölkəmizdə keçirilən çoxsaylı mühüm beynəlxalq tədbirlər barədə ətraflı məlumat vermişdir. Bakının ilk Avropa oyunları, İslam həmrəyliyi oyunları, “Avroviziya” musiqi müsabiqəsi, Formula 1 yarışmasına ev sahibliyi etdiyini bildirən səfir, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın himayəsi altında ölkəmizin çoxsaylı humanitar layihə və tədbirlərin də məkanına çevrildiyini, əsası 2008-ci ildə qoyulan mədəniyyətlərarası dialoq üzrə “Bakı prosesi” ilə Azərbaycanın dünyada mədəniyyətlər və dinlər arasında dialoqa da mühüm töhfə verdiyini xatırlatmışdır.

Azərbaycan Respublikasının 2025-ci il Ümumdünya EXPO Sərgisinin təşkilinə Bakı şəhərinin namizədliyini irəli sürdüyünü qeyd edən səfir, ölkəmizin bu sərgi üçün seçdiyi mövzunun – “İnsan kapitalının inkişafı”nın unikal, maraqlı və dövrümüz üçün çox aktual olduğu və  vurğulamış, İsveçrənin özünün məşhur peşə təhsili və təlimi sistemini, habelə çox inkişaf etmiş qabaqcıl səhiyyəsini və əczaçılıq sahəsini bu sərgidə nümayiş etdirə biləcəyi söyləmişdir.

Xanım İbrahimova tədbirə toplaşanların diqqətinə çatdırmışdır ki, 2025-ci il Ümumdünya EXPO Sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin seçilməsi bu sərgilərin coğrafiyasını həm ziyarətçi, həm də ev sahibliyi edən ölkələr baxımından genişləndirəcəkdir.

Azərbaycanda həyata keçirilən nəqliyyat-infrastruktur layihələrinin bundan sonra da davam edəcəyini bildirən səfir, son illər ölkəmizə gələn turistlərin sayının bir neçə dəfə artdığını, 2025-ci ilədək Bakını 100-dən artıq məntəqə ilə birbaşa hava xəttinin birləşdirəcəyini diqqətə çatdırmışdır. Səfir Xanım İbrahimova 2025-ci il Ümumdünya EXPO Sərgisinin keçirilməsinə Azərbaycanda ən yüksək səviyyədə siyasi dəstəyin mövcudluğunu qeyd edərək, ölkəmizin təcrübəsinin və qonaqpərvərliyinin bu sərginin də mükəmməl səviyyədə keçirilməsinə kömək edəcəyini vurğulamışdır. O, tədbirə toplaşanları öz ölkələrini Bakının namizədliyinə dəstək verməyə təşviq etməyə dəvət etmişdir.

Ardınca, 2025-ci il Ümumdünya EXPO Sərgisinə ev sahibliyi etməyə namizəd olan Bakı şəhəri barədə hazırlanmış video çarx nümayiş etdirilmişdir.

Daha sonra, qonaqlar Azərbaycanın tanınmış pianoçusu Adilə Əliyevanın ifasında Azərbaycan və Qərb bəstəkarlarının əsərlərini dinləmişlər.

 

növbəti xəbər əvvəlki xəbər