2018-02-14
Səfir Xanım İbrahimova İsveçrə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Filippo Lombardi ilə görüşmüşdür

14 fevral 2018-ci il tarixində səfir Xanım İbrahimova İsveçrə Parlamenti Kantonlar Şurasının (İsveçrə Senatı) üzvü, Şuranın Xarici Əlaqələr Komitəsinin sədri və İsveçrə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Filippo Lombardi ilə görüşmüşdür. 

Görüş zamanı, tərəflər İsveçrə və Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən parlament səviyyəsində əməkdaşlığın hazırkı durumu və gələcək perspektivləri barədə fikir mübadiləsi aparmışlar. Səfir X.İbrahimova həmsöhbətini iki ölkə arasındakı siyasi təmaslar və həyata keçirilən iqtisadi layihələr barədə məlumatlandırmışdır. Cənab Lombardi Azərbaycan Dövlət Neft Şirkətinin İsveçrədəki fəaliyyətini yüksək qiymətləndirmişdir.

Tərəflər, həmçinin İsveçrə Parlamentinin 2018-ci il 13-14 mart tarixlərində Bakıda keçiriləcək birinci İpək Yolu Dəstək Qrupu konfransında təmsil olunması məsələsini müzakirə etmişlər. Bu tədbir Azərbaycanın təşəbbüsü ilə təsis edilmiş ATƏT Parlament Assambleyasının İpək Yolu Dəstək Qrupu və AR Milli Məclisinin birgə layihəsidir.   

Səfir X.İbrahimova və cənab Lombardi iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi üçün parlamentarlar səviyyəsi də daxil olmaqla, yüksək səviyyəli səfərlərin əhəmiyyətini vurğulamışlar.

növbəti xəbər əvvəlki xəbər