2018-02-21
Səfir Xanım İbrahimova etimadnaməsini Lixtenşteyn vəliəhd şahzadəsi Aloisə təqdim etmişdir

Səfir Xanım İbrahimova 21 fevral 2018-ci il tarixində etimadnaməsini Lixtenşteyn vəliəhd şahzadəsi Aloisə təqdim etmişdir. Səfir X.İbrahimova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Lixtenşteynin vəliəhd şahzadəsinə ünvanladığı salamları qarşı tərəfin diqqətinə çatdırmışdır. Əlahəzrət Alois göndərilən salamlara görə təşəkkürünü bildirmiş və öz xoş arzularının Prezident İlham Əliyevə çatdırılmasını səfirdən xahiş etmişdir. Səfir X.İbrahimova ölkəmizin iştirakı ilə reallaşdırılan irimiqyaslı enerji və nəqliyyat layihələrindən danışmışdır. Səfir qeyd etmişdir ki, Azərbaycan iqtisadi nöqteyi-nəzərdən regionun lider ölkəsinə çevrilməklə yanaşı,tolerantlıq mühitinə, ictimai-siyasi sabitliyə və təhlükəsizliyə görə dünya dövlətləri üçün nümunə kimi çıxış edir. Azərbaycanın multikulturalizm ölkəsi olduğunu diqqətə çatdıran səfir, “Bakı Prosesi” və ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq mötəbər tədbirlər barədə məlumat vermişdir. Tərəflər Azərbaycan-Lixtenşteyn münasibətlərinin mövcud vəziyyəti, ikitərəfli və çoxtərəfli formatlarda inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparmışlar.

Səfir Xanım İbrahimova həmçinin bu ölkənin xarici işlər, təhsil və mədəniyyət və ədliyyə naziri Aureli Frik ilə görüşmüşdür. Aureli Frik ikitərəfli münasibətlərin inkişafında qarşılıqlı səfərlərin roluna diqqət çəkərək, AR xarici işlər naziri Elmar Məmmədyarovun 2016-cı ilin oktyabr ayında Lixtenşteynə həyata keçirdiyi səfərindən məmnun olduqlarını bildirmişdir. Səfir X.İbrahimova ölkəmizdə aparılan iqtisadi islahatlar barədə məlumat vermiş, Azərbaycanda əlverişli biznes mühitinin mövcudluğuna diqqət çəkmişdir. “Hilti” SC şirkətinin ölkəmizdə uğurlu fəaliyyətindən məmnunluğunu ifadə edən səfir X.İbrahimova digər Lixtenşteyn şirkətlərini Azərbaycan iqtisadiyyatına, xüsusilə qeyri-neft sektoruna sərmayə qoymağa dəvət etmişdir. Səfir Azərbaycanın qarşısında duran ən böyük təhlükəsizlik məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini qeyd edərək bu münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin zəruriliyini söyləmişdir. Görüşdə tərəflər həmçinin peşə təhsili sahəsində əməkdaşlıq imkanlarını müzakirə etmişlər.

növbəti xəbər əvvəlki xəbər