2018-05-23
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi İsveçrədə qeyd edilmişdir

23 may tarixində İsveçrənin paytaxtı Bern şəhərində Azərbaycan Xalq Cumhuriyyətinin 100-cü ildönümü münasibətilə rəsmi qəbul keçirilmişdir.

Qəbulda İsveçrənin xarici işlər üzrə dövlət katibinin müavini Kristina Marti Lanq, İsveçrədə akkreditə olunmuş səfirlər və diplomatik korpusun digər üzvləri, İsveçrə hökumət qurumları və ictimaiyyətinin nümayəndələri, həmçinin Azərbaycan diasporunun təmsilçiləri iştirak etmişlər.

Azərbaycan Respublikası və İsveçrə Konfederasiyasının rəsmi himnləri səsləndikdən sonra, tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Xanım İbrahimova açmışdır.

Qonaqları salamlayan xanım Səfir bu dəfəki Respublika Günü tədbirinin əlamətdar tarixi hadisəyə, Azərbaycan Xalq Cumhuriyyətinin 100-cü ildönümünə həsr olunduğunu söyləmişdir. Azərbaycan Xalq Cumhuriyyəti barədə qonaqları məlumatlandıran Səfir, 100 il öncə, 1918-ci ildə Müsəlman Şərqində ilk demokratik və dünyəvi respublikanın məhz Azərbaycanda qurulduğunu və Azərbaycanlıların bu faktla fəxr etdiyini bildirmişdir. Azərbaycan Xalq Cumhuriyyətinin proqressiv bir hökumətə sahib olduğu, müsəlman dövlətləri arasında ilk dəfə qadınlara kişilərlə bərabər hüquqların, o cümlədən seçki hüququnu verdiyi vurğulanmışdır. Ümumiyyətlə, Xalq Cumhuriyyətinin Azərbaycanın dövlətçilik ənənələrini bərpa etdiyi və müasir Azərbaycanın formalaşması üçün yol açdığı qeyd edilmişdir.

Azərbaycan Xalq Cumhuriyyətinin cəmi iki il ömür sürdüyü və yalnız 70 il sonra, 1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyini bərpa etdiyi qonaqların diqqətinə çatdırılmışdır. Lakin müstəqilliyinin ilk illərinin Azərbaycan üçün çox çətin olduğu, Sovet İttifaqının tənəzzülü nəticəsində iqtisadiyyatın çökdüyü və Ermənistan Respublikasının Azərbaycana qarşı hərbi təcavüzünün vəziyyəti daha da ağırlaşdırdığı qeyd edilmişdir. Bildirilmişdir ki, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-i işğal edilmiş və ölkəmizdə 1 milyon insan məcburi köçkün kimi yaşamağa vadar edilmişdir. Bu təlatümlü dövrün 1993-cü ildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başa çatdığı, Ulu Öndərin gənc dövlətin inkişafı üçün siyasi və iqtisadi bünövrəni qurduğu vurğulanmışdır. Bu gün Azərbaycanın Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında müasir, təhlükəsiz, sabit və çiçəklənən, multikulturalizmin cəmiyyətin yaşayış tərzi kimi hökm sürdüyü bir dövlət olduğu qeyd edilmişdir. Azərbaycanın artıq bir neçə regional enerji layihələrinin iştirakçısı kimi Avropanın enerji mənbələrinin diversifikasiyasına töhfə verdiyi qeyd edilmişdir. 2017-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasiminin keçirildiyini deyən Səfir, hazırda bu yolun Çindən Avropaya ən qısa yol olduğu bildirilmişdir. Eyni zamanda hazırda Azərbaycan və tərəfdaşlarının Cənub Qaz Dəhlizini tamamlamaq üzrə olduğunu və bu layihə tamamlandıqdan sonra ölkəmizin Avropanın enerji təhlükəsizliyinə töhfəsinin daha da artacağı vurğulanmışdır.

Azərbaycan-İsveçrə əlaqələrinə toxunan səfir, İsveçrəni ölkəmiz üçün etibarlı tərəfdaş kimi xarakterizə etmiş, iki ölkə arasında tərəfdaşlığın qarşılıqlı hörmət və etimada əsaslandığı qeyd edilmişdir. İki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun ikitərəfli əməkdaşlığın müxtəlif sahələrində inkişaf və nailiyyətlər üçün bünövrə rolu oynadığı vurğulanmışdır. İsveçrənin Azərbaycanın qeyri-neft sektoruna ən böyük sərmayədar olduğu, Azərbaycanın da İsveçrə iqtisadiyyatına sərmayə yatırdığı və ARDNŞ-nin İsveçrədə 6 ildir ki uğurlu fəaliyyət göstərdiyini qeyd edilmişdir.

Sonra söz İsveçrənin xarici işlər üzrə dövlət katibinin müavini Kristina Marti Lana verilmişdir.

Daha sonra Azərbaycan Respublikasının xalq artisti Fidan Hacıyeva, gənc istedadlar və beynəlxalq müsabiqələr laureatları Səidə Tağızadə, Elvin Qənizadə və Cəmilə Qarayusifli Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert proqramı ilə çıxış etmişlər. Musiqiçilərin ifasında həm əcnəbi, həm də Azərbaycan bəstəkarlarının ölməz əsərləri, o cümlədən Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından bir hissə, Ədilə Hüseynzadənin “O gözü ceyran”, Qara Qarayevin “Vals”, Fikrət Əmirovun “Muğam poeması”, Müslüm Maqomayevin “Azərbaycan” əsərləri səsləndirilmişdir.

Sonda qonaqlara mili və Avropa mətbəxinin təamlarının olduğu ziyafətə dəvət edilmişlər.

növbəti xəbər əvvəlki xəbər