2018-09-12
İsveçrənin səyahət portalında “Quba - Azərbaycanın heyranedici regionu” adlı məqalə dərc olunub

İsveçrənin www.travel-blog.ch səyahət portalında “Quba - Azərbaycanın heyranedici regionu” adlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Qubada yerləşən və turistlərin marağını cəlb edən məkanlar barədə ətraflı məlumat verilir. Məqalədə bir çox məşhur Avropalı səyyahın XIX əsrdə Quba ilə bağlı təəssüratları diqqətə çatdırılır və bu region tarixi, mədəni abidələrlə zənginliyindən bəhs edilir. Regionda qədim körpülər, məscidlər, hamamlar, muzeylər mövcuddur və Quba özünün xalçaçılığı ilə də məşhurdur.

Yazıda Qubanın multikultural dəyərləri barədə də məlumat verilərək qeyd olunur ki, bu yer müxtəlif millətlərin tolerantlıq şəraitində yaşadığı məkandır. Məqalədə, həmçinin bildirilir ki, Qubaya gələn turistlərin səyahət etdikləri məkanlardan biri də 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılan Quba Soyqırımı Memorial Kompleksidir.

Məqalədə Qubanın öz alması ilə məşhur olduğu vurğulanır və son illərdə turizmin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat verilir. Belə ki, rayonda 40 mehmanxana fəaliyyət göstərir və turistlərin yüksək səviyyədə dincəlməsi üçün çoxlu sayda restoran və kafelər də mövcuddur.

növbəti xəbər əvvəlki xəbər