2018-09-25
İsveçrənin Luqano şəhəri və Azərbaycan arasında əməkdaşlığa dair razılıq əldə olunmuşdur

25 sentyabr tarixində AR İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova İsveçrənin Luqano şəhərinin meri Marko Borradori ilə görüşmüşdür.

Görüş zamanı səfir X.İbrahimova həmsöhbətini Azərbaycan və İsveçrə arasında mövcud olan ikitərəfli əlaqələr, iqtisadi tərəfdaşlıq sahəsində əldə olunan nailiyyətlər, o cümlədən İsveçrənin ali icra orqanı olan Federal Şuranın üzvü (rotasiya qaydasında prezident), Federal İqtisadiyyat Naziri Yohan Şnayder Ammanın Səfirliyin dəstəyi ilə təşkil olunmuş, cari ilin iyulunda Bakıya etdiyi səfərin ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfə barədə məlumatlandırmışdır. Eyni zamanda cari ilin oktyabr ayında Bakı və Cenevrə şəhərləri arasında birbaşa hava reyslərinin açılmasının iqtisadi və turizm əlaqələrinin daha da inkişafına töhfə verəcəyindən əminlik ifadə olunmuşdur. Səfir iki ölkə arasında əlaqələrin intensivliyini və hərtərəfliyini nəzərə alaraq, Azərbaycan və İsveçrə şəhərləri arasında da birbaşa əlaqələrin qurulmasının vacibliyinə diqqət çəkmiş və bu kimi əlaqələrin ölkələr arasında ümumi tərəfdaşlığa, insanlar arasında əlaqələrin genişlənməsinə töhfə verəcəyini bildirmişdir. Bundan başqa, iki ölkənin müvafiq qurumları arasında turizm sahəsində əməkdaşlıq haqqında memorandumun imzalanmağa hazır olduğu qeyd edilmiş və Azərbaycanın ali təhsil müəssisələri haqqında qarşı tərəfə məlumat verilmişdir.    

Luqano şəhərinin meri Marko Borradori öz növbəsində Azərbaycan və İsveçrə şəhərləri arasında təmasların yaradılması ideyasına müsbət yanaşaraq, xüsusən iki ölkənin təhsil ocaqları arasında əməkdaşlıq imkanlarını nəzərdən keçirməyi vəd etmişdir.

Görüşdə tərəflər arasında turizm və iqtisadiyyat sahələrində də konkret əməkdaşlıq layihələrinin həyata keçirilməsi barədə razılığa gəlinmişdir.  

növbəti xəbər əvvəlki xəbər