2018-11-06
Azərbaycanın İsveçrədəki səfiri ölkənin Turqau kantonuna səfər edib

Noyabrın 6-da Azərbaycanın Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova ölkənin şimal-şərqində yerləşən, iqtisadi potensialına və maddi rifah səviyyəsinə görə ölkənin  qabaqcıl kantonlarından biri olan Turqau kantonunun Vaynfelden və Busnanq şəhərlərində işgüzar səfərdə olmuşdur.

Səfərin başlıca məqsədi Turqau kantonunun işgüzar dairələri ilə əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsindən ibarət olmuşdur.

Səfər zamanı, səfir X.İbrahimova ilk əvvəl, Busnanq şəhərinə səfər edərək "Stadler Rail" şirkətinin vitse prezidenti Peter Yenelten ilə görüşmüşdür. Görüş zamanı, səfir X.İbrahimova müqabil tərəfə Azərbaycanın biznes və investisiya imkanları barədə ətraflı məlumat vermişdir. Ölkəmizdə iqtisadi, ticarət və digər sahələrdə aparılan islahatlardan bəhs edən səfir Azərbaycan və İsveçrə münasibətlərinin yüksək xətlə inkişaf etdiyini, ölkəmizin dünyada gedən proseslərə baxmayaraq sabit şəkildə iqtisadi inkişafını davam etdirdiyini bildirmiş, ölkəmizin tranzit potensialı barəsində müqabil tərəfə məlumat vermişdir. X. İbrahimova şirkətin Azərbaycanla əməkdaşlığının mövcud vəziyyəti və bu əməkdaşlığın gələcək perspektivləri ilə maraqlanmışdır. O, şirkətin  istehsalat zavoduna da səfər etmişdir.

Daha sonra, Səfir X.İbrahimova Vaynfelden şəhərinə səfər etmiş, burada yerləşən Turqau Sənaye və Ticarət Palatasının direktoru Peter Maaq ilə görüşmüşdür. Görüşdə səfir X.İbrahimova Azərbaycanın biznes və investisiya mühitinə dair ətraflı məlumat vermişdir.  Azərbaycan ilə Turqau kantonu arasında indiyədək bir sıra işgüzar əlaqələrin qurulduğunu, bununla belə bu əlaqələrin dərinləşdirilməsi və yeni əməkdaşlıqların qurulması üçün geniş imkanlardan yararlanmağın məqsədəuyğunluğunu vurğulamışdır. Bu xüsusda, Azərbaycan ilə kanton arasında ticarət əlaqələri ilə yanaşı, qarşılıqlı investisiya qoyuluşu imkanlarının təhlil edilməsi təklif edilmişdir. Görüşün nəticəsi olaraq, qarşılıqlı maraq doğuran sahələr üzrə kantonun iş adamlarından ibarət heyətin Azərbaycana səfərinin təşkil edilməsinə və iki tərəfin işgüzar dairələri arasında əməkdaşlıq əlaqələrinin yaradılmasına dair razılıq əldə edilmişdir.

növbəti xəbər əvvəlki xəbər