2018-11-15
İsveçrənin İctimai Radio və Televiziya Korporasiyasının beynəlxalq xidməti olan “Swissinfo” agentliyi Bakı-Cenevrə aviareysinin açılması münasibətilə səfir Xanım İbrahimovadan müsahibə alıb

İsveçrənin İctimai Radio və Televiziya Korporasiyasının beynəlxalq xidməti olan “Swissinfo” agentliyi Bakı-Cenevrə aviareysinin açılması münasibətilə Azərbaycanın bu ölkədəki səfiri Xanım İbrahimovadan müsahibə alıb.

AZƏRTAC xəbər verir ki, müsahibədə bu il oktyabrın 31-dən etibarən Azərbaycana səfər etmək istəyən isveçrəlilər üçün Bakı-Cenevrə birbaşa reysinin açılması ilə yeni imkanlar yarandığı qeyd edilib. Səfir reysin fəaliyyətə başlamasını Azərbaycan və İsveçrə arasında əlaqələrin inkişafında böyük addım kimi səciyyələndirib. Həmçinin qeyd edib ki, hər iki ölkə arasında iqtisadi və humanitar sahələrdə uğurlu əməkdaşlıq mövcuddur. Hər iki ölkə arasında ən yüksək səviyyədə görüşlər, biznes forumlar və qarşılıqlı səfərlər əlaqələrin dərinləşməsinə öz töhfəsini verir. İsveçrə parlamentində cəmi 18 ölkə ilə dostluq qrupu mövcuddur və Azərbaycanla da dostluq qrupunun fəaliyyət göstərməsi ölkələr arasındakı əlaqələrə verilən diqqətə bariz nümunədir.

Xanım İbrahimova müsahibədə, həmçinin iki ölkə arasında mal dövriyyəsinin artımı, şirkətlərin fəaliyyəti, Azərbaycan məhsullarının İsveçrədə tanıdılması və satışı, investisiya fəaliyyəti üçün yaradılan şərait, bu ölkədəki Azərbaycan diasporu və digər mövzularda sualları cavablandırıb.

növbəti xəbər əvvəlki xəbər