2018-11-30
Azərbaycanın multikulturalizm ənənələri İsveçrə ictimaiyyətinə təqdim olunub

Azərbaycanın İsveçrədəki səfirliyinin təşkilatçılığı ilə bu ölkənin yeganə ikidilli ali təhsil müəssisəsi olan Friburq Universitetinin sosial elmlər fakültəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun “Azərbaycanda dövlət-din münasibətləri və dini siyasət” mövzusunda mühazirəsi dinlənilib.

AZƏRTAC xəbər verir ki, Friburq Universitetinin professor-müəllim heyətinin və tələbələrinin iştirak etdikləri mühazirədə E.Nəcəfov auditoriyanı Azərbaycanın multikulturalizm ənənələri və bu fenomenin səbəbləri barədə məlumatlandırıb, ölkəmizdə mövcud olan müxtəlif dini icmalar, dövlət-din münasibətlərini tənzimləyən qanunvericilik bazası və bu sahədə dövlət siyasətindən danışıb.

Mühazirədə qeyd edilib ki, multikulturalizm Azərbaycanda həm dövlət siyasəti, həm də xalqımızın həyat tərzidir. Azərbaycan etnik və dini zəmində münaqişənin yaşanmadığı nadir dövlətlərdən biridir. Azərbaycanda bütün dinlərə məxsus mədəniyyət abidələri qorunduğu halda, Ermənistanın işğalı altında olan torpaqlarımızda Azərbaycanın dini-mədəni abidələrinin dağıdıldığı iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda, daxili siyasət kimi, multikulturalizmin Azərbaycanın xarici siyasətinə təsirinə, bu təsirin xarici siyasətimizi əməkdaşlıq və dinlərarası dialoqu təşviq etməyə yönəltdiyinə toxunulub. Bu kontekstdə auditoriyaya “Bakı Prosesi” və bu proses çərçivəsində ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlər barədə məlumat verilib.

Daha sonra auditoriyanın Azərbaycanın dünyəvi dövlət ənənələri, dini icmaların fəaliyyətinin tənzimlənməsi, ölkəmizdə dini və milli kimlik anlayışları, Azərbaycanın gələcəyə baxış strategiyası, “Bakı Prosesi” çərçivəsində Ermənistan və Azərbaycan arasında barışıq təşəbbüsləri və s. barədə suallarına aydınlıq gətirilib.

Sonda Friburq Universiteti tərəfdən mühazirənin təşkilatçısı olan professor Ansqar Yödikeyə “Azərbaycan multikulturalizmi” və “Azərbaycan multikulturalizminin ədəbi qaynaqları” kitabları hədiyyə edilib.

növbəti xəbər əvvəlki xəbər