2018-12-21
İsveçrədə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş konsert keçirilmişdir

Azərbaycan Respublikasının İsveçrədəki Səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə İsveçrənin paytaxtı Bern şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş konsert keçirilmişdir.

Tədbir çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin 10 illiyi də qeyd edilmiş və bu münasibətlə Muğam Mərkəzinin dəstəyi ilə muğam ifaçıları konsertdə iştirak üçün İsveçrəyə ezam edilmişdir.

İlk öncə Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova tədbirin açılışını edərək, konsertin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günününə həsr olunduğunu söyləmiş və bu bayramın əsasının Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğunu xatırlatmışdır. Səfir Ulu Öndərin 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclsinin sədri olarkən bu tarixi qərarı verdiyini bildirmişdir.

Bu dəfəki bayramın Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə təsadüf etdiyini söyləyən X.İbrahimova bu əlamətdar hadisə münasibətilə iştirakçıları təbrik etmiş və bunun bayram əhval-ruhiyyəsini ikiqat artırdığını vurğulamışdır.

Daha sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətinə toxunan səfir X.İbrahimova, bu tarixin Azərbaycanlıların milli birliyinin formalaşmasının başlanğıcı və bu birliyin simvolik günü olduğunu söyləmişdir. Bu bayramla müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında ideoloji birliyin təməlinin qoyulduğunu qeyd edən səfir X.İbrahimova diaspora istiqamətinin Azərbaycan Respublikası rəhbərliyinin hər zaman prioritetlərindən biri olduğunu vurğulamışdır. Diasporanın birliyinin təmin edilməsi istiqamətində Azərbaycan hökuməti tərəfindən ardıcıl tədbirlər həyata keçirildiyini xatırladan səfir X.İbrahimova, cari ilin oktyabr ayında Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə təsis edilmiş İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının da bu tədbirlər sırasında olduğunu qeyd etmiş və diaspora üzvlərini bu təşkilat ətrafında sıx birləşməyə dəvət etmişdir. Uğurlu layihələr həyata keçirilməsi üçün diasporanın bir olmasının vacibliyinə diqqət çəkilmişdir.

Bundan başqa, səfir X.İbrahimova Azərbaycanlıları Bern şəhərində bu ilin avqust ayından fəaliyyət göstərən, Diasporla İş üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyinin birgə layihəsi olub, yerli ölkənin təhsil sisteminə inteqrasiya olunmuş nadir Azərbaycan məktəblərindən olan “Qarabağ” məktəbinin fəaliyyətini dəstəkləməyə, eləcə də ümumilli məqsədlər naminə bütün fikir ayrılıqlarını kənara qoyaraq vahid qüvvə kimi çalışmağa çağırmışdır.

Növbəti “İsveçrə Azərbaycanlıları Mədəniyyət Mərkəzi”nin rəhbəri, İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndricisi Qasım Nəsirov qonaqları salamlayaraq, “Qarabağ məktəbi”nin fəaliyyəti barədə iştirakçıları məlumatlandırmış, qonaqları məktəbin tanıtımı məqsədilə təşkil olunacaq seminarda iştirak etməyə dəvət etmişdir.

Bundan sonra qonaqlar Beynəlxalq Muğam Mərkəzinin solistləri Ehtiram Hüseynov və Günay İmamverdiyevanın ifasında Azərbaycan muğam musiqisinin incilərinə qulaq asmağa dəvət edilmişdir.

Tədbirin sonunda iştirakçılar Azərbaycan mətbəxinin ləziz nümunələrini dadmışlar.

Konsertdə əsasən Azərbaycan diasporunun nümayəndələri olmaqla, ümumən 140 nəfər adam, o cümlədən yerli ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

əvvəlki xəbər