2019-03-05
Baş nazir Novruz Məmmədov İsveçrə Konfederasiyasının Federal Xarici İşlər Departamentinin dövlət katibinin müavinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov martın 5-də İsveçrə Konfederasiyasının Federal Xarici İşlər Departamentinin dövlət katibinin müavini Kristina Marti Lanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan-İsveçrə münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini bildirən Baş nazir ölkələrimiz arasında siyasi, iqtisadi, qarşılıqlı sərmayə qoyuluşu və digər sahələrdə yaxşı əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb. Novruz Məmmədov əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edərək yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. 

Azərbaycan və İsveçrə prezidentlərinin görüşlərini xatırladan Novruz Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin inkişafına çox böyük önəm verir. Baş nazir Novruz Məmmədov Kristina Marti Lanqın ölkəmizə səfərinin əlaqələrimiz daha da genişləndirilməsinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib. 

Azərbaycan-İsveçrə diplomatik münasibətlərinin 25 ildən çox yaşı olduğunu söyləyən Kristina Marti Lanq ölkələrimizin 20 ildir ki, beynəlxalq səviyyədə uğurla əməkdaşlıq etdiklərini vurğulayıb. Hesab edirəm ki, ötən müddət ərzində biz müxtəlif sahələrdə kifayət qədər səmərəli əməkdaşlıq əlaqələri qurmuşuq. Biz fəxr edirik ki, Azərbaycan bizim əsas tərəfdaşlarımızdandır.

Söhbət zamanı İsveçrənin ” AXPO” şirkətinin Trans-Adriatik boru kəməri (TAP) layihəsində iştirakı, həmçinin hökumətlərarası birgə komissiyanın fəaliyyəti yüksək qiymətləndirilib, siyasi, iqtisadi, parlamentlərarası əlaqələrin genişləndirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

 

növbəti xəbər əvvəlki xəbər