2019-04-02
İsveçrənin Bazel şəhərində Azərbaycan filmi nümayiş olunub

İsveçrənin Bazel şəhərində təşkil olunmuş 14-cü Querfeld Mədəniyyətlərarası Film Festivalında “Azərbaycanın dostları” diaspor təşkilatının təşkilatçılığı ilə "Tabut düzəldənin yelləncəyi" filminin nümayişi keçirilib.

Sənət əsəri festivalın ilk günü, açılış filmi olaraq göstərilib və tamaşaçıların böyük marağına səbəb olub.

Nümayişdən əvvəl “Azərbaycanın dostları” diaspor təşkilatının rəhbəri Arzu Əliyeva tamaşaçıları salamlayıb və onlara “Tabut düzəldənin yelləncəyi” filmi ilə yanaşı, ölkəmizin mədəniyyəti, musiqisi, kinematoqrafiyası haqqında ətraflı məlumat verib. O, son illərdə Azərbaycanda kinematoqrafiyanın inkişafına xüsusi diqqət göstərildiyini bildirib.

"Tabut düzəldənin yelləncəyi" sərt ata və onun oğlu arasında olan mürəkkəb münasibətləri təsvir edir. Film Amerika Kino Akademiyasının “Tələbə Oskarı” mükafatı da daxil olmaqla bir çox beynəlxalq mükafata layiq görülüb. Filmin rejissoru Elmar İmanov Almaniyanın Köln şəhərində yaşayır və orda da işləyir.

Festival çərçivəsində, həmçinin təşkilatçılar tərəfindən Azərbaycanın mədəniyyətini və mətbəxini tərənnüm edən guşə də yaradılıb. Tədbirin təşkil olunduğu zalda ölkəmizin milli təamları və müxtəlif növ şirniyyatları qonaqlara təqdim edilib.

Qeyd edək ki, 2006-cı ildən keçirilən festival İsveçrədə yaşayan müxtəlif xalqların nümayəndələri tərəfindən təşkil olunur və mədəniyyətlərarası əlaqələrin gücləndirilməsi, eləcə də ölkədə tolerantlığın təşviqinə xidmət edir.

növbəti xəbər əvvəlki xəbər