2019-05-02
Forum çərçivəsində “Qlobal vətəndaşlıq təhsili: Sülh mədəniyyətinin aşılanması” mövzusu ətrafında müzakirələr aparılıb VİDEO

Mayın 2-də V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən sessiyada “Qlobal vətəndaşlıq təhsili: Sülh mədəniyyətinin aşılanması” mövzusu ətrafında geniş müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, jurnalist Çaker Xazalın moderatorluğu ilə keçirilən sessiyada Avropa Şurasının Şimal-Cənub Mərkəzinin Qlobal Təhsil Proqramının meneceri Migel Silva çıxış edərək fərqli mədəniyyətlərə malik insanlarla iş prosesində qazanılan təcrübə proqramından danışıb. Qeyd edib ki, bu gün dünyada müxtəlif pedaqoji kollektivlərdə müxtəlif mədəniyyətləri təmsil dən insanlar çalışır. M.Silva təmsil etdiyi qurumda tarazlı şəkildə təşkil olunan treninqlərdən söz açaraq söyləyib ki, bu treninqlərdə iştirakçılara həm təkbətək, həm də qrup halında öyrənmə prosesi aşılanır: “Bizim düşüncəmiz və prioritetimiz mədəniyyətimizlə bağlıdır ki, bu da bizi fərqləndirir. Biz bu treninqlərlə çox səmərələri nəticələr əldə edirik. Eyni zamanda, bizə qoşulmuş təşkilatlarla rezidensiya kursları da təşkil edirik. Kurslar, əslində spesifik çərçivədə təşkil olunur. Bu kurslar qlobal vətəndaşlar şəbəkəsinin universitetlərində aparılır. On gün davam edən kurslarda gənclər öyrənmə prosesində çox şey əldə edirlər. Bu, həm də gənclərin bir-biri ilə hər hansı təcrübəni bölüşmək baxımından əlverişlidir. Treninqlərimizlə yanaşı, kurslarımızda da müxtəlif mövzular tədris edilir. Qlobal vətəndaşlıq təhsili alan insanlara sülh mədəniyyətinin aşılanması vacib məsələlərdəndir. Bu hal onların sonrakı fəaliyyətlərində xüsusi önəm kəsb edir”.

İsveçrənin Mədəniyyətlərarası Təhsil, Təlim və Tədqiqat Cəmiyyətinin (SIETAR) prezidenti xanım Ann-Klod Lambelet rəhbəri olduğu qurumun fəaliyyət istiqamətlərindən danışıb. SIETAR-ın dünyanın 30 ölkəsində nümayəndəliyinin olduğunu qeyd edən A.K.Lamblet qurumun öz sahəsində peşəkar olan insanlarla əməkdaşlıq etməyə üstünlük verdiyini söyləyib. O vurğulayıb ki, SIETAR bu əməkdaşlıq və əlaqələr sayəsində dünyada ən qabaqcıl texnologiya və yeniliklərdən zamanında xəbərdar ola bilir: “Biz konqreslərimiz və seminarlarımızda hər zaman təcrübə mübadiləsi edirik. Biz gənclərin fəaliyyətinə üstünlük veririk. Çalışırıq ki, yaşadığımız mühitə təsir göstərə bilək”.

Sonra KAICIID-in Baş katibinin müavini Alvaro Albaset, UNESCO-nun Nyu-Dehlidə yerləşən Sülh və Dayanıqlı İnkişaf üzrə Mahatma Qandi Təhsil İnstitutunun təhsil vasitəsilə zorakı ekstremizmin qarşısının alınması üzrə mütəxəssisi Kuani Simon, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli, “Sri Lanka Unites” Gənclər Hərəkatının milli direktoru Liyanaaraççig Neluni Tillekeratne və Pakistan Gənclər Alyansının “Peace Rickshaws” layihəsinin təsisçisi Syed Ali Abbas Zaidinin mövzu ilə bağlı çıxışları dinlənilib.

Panel sessiya işini müzakirələrlə davam etdirib.

növbəti xəbər əvvəlki xəbər