2019-05-02
“Bakı Prosesi” on il ərzində fikir mübadiləsi üçün pozitiv platforma yaradıb

“Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu əməkdaşlığın qurulması baxımından mühüm rola malikdir.

Bu fikri AZƏRTAC-a müsahibəsində Forum çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının təşkil etdiyi “Qlobal vətəndaşlıq təhsili: sülh mədəniyyətinin aşılanması” aralıq sessiyasının panelçisi, İsveçrənin Mədəniyyətlərarası Təhsil, Təlim və Tədqiqat Cəmiyyətinin prezidenti Ann-Klod Lambelet deyib.

O bildirib ki, 2008-ci ildən həyata keçirilən “Bakı Prosesi” 10 il ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında anlayış, səmimiyyət və qarşılıqlı hörmətə əsaslanan fikir mübadiləsi üçün pozitiv platforma yarada bilib. “Bu gün biz sessiyamızda sülh mədəniyyətinin təbliğ olunmasını, sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələlərini müzakirə edirik. İnanıram ki, müzakirələrdən önəmli nəticələr əldə edəcəyik”, - deyə Ann-Klod Lambelet vurğulayıb.

növbəti xəbər əvvəlki xəbər