2019-05-20
İsveçrədə beynəlxalq pianoçular müsabiqəsi keçirilmişdir

17 may tarixində Cenevrədə Azərbaycan Respublikasının əməkdar artisti, pianoçu Adilə Əliyeva tərəfindən təşkil olunan beynəlxalq pianoçular müsabiqəsinə yekun vurulmuşdur. Müsabiqə 1996-cı ildən etibarən fəaliyyət göstərir və hər dəfə orada 250-dən çox iştirakçı yarışır.

Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova tədbirdə çıxış edərək Beynəlxalq Pianino Müsabiqəsinin uğurlu təşkilinə görə Adilə Əliyevaya təşəkkür ifadə etmişvə onun səyləri nəticəsində bu müsabiqəyə hər il daha çox iştirakçının qatıldığını söyləmişdir. O, keçən il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Azərbaycanın İsveçrədəki Səfirliyi tərəfindən xüsusi mükafatın təsis edildiyi barədə məlumat verərək, ənənənin bu il də davam etdirilməsindən məmnunluğunu dilə gətirmiş və hazırkı müsabiqədə AR-in Diasporla İş üzrə Dövlət Komitəsinin sponsorluğu ilə Heydər Əliyev adına xüsusi mükafatın 5 iştirakçıya təqdim edilməsindən qürur duyduğunu vurğulamışdır.

 Daha sonra X.Ibrahimova tərəfindən Heydər Əliyev fenomeni haqqında auditoriyaya məlumat verilmişdir. Qeyd edilmişdir ki, Ümummilli Lider ölkəmizin ən çətin dövrlərində xalqın tələbi ilə hakimiyyətə gəlmiş və 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik etmişdir. Bildirilmişdir ki, 90-cı illərin əvvəllərində qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və iqtisadi tənəzzül Azərbaycanı mövcudluq mübarizəsi aparmağa vadar etmiş və belə çətin dövrdə, məhz Heydər Əliyev Azərbaycan dövlətçiliyini qoruyaraq, ölkənin gələcək inkişafının təməlini qoymuşdur.

Çıxışda, həmçinin Azərbaycanın musiqi ənənələrinin zənginliyinə dəlalət edən faktor kimi Azərbaycanın Avroviziya mahnı müsabisində iştirakı təbliğ olunmuşdur.

Çıxışlardan sonra qaliblərə mükafatlar, o cümlədən Heydər Əliyev mükafatı təqdim edilmiş və qaliblərin ifasında musiqi parçaları ifa edilmişdir.

Qeyd edilməlidir ki, bu ilki qaliblər arasında beş həmreylimiz də vardır. Həmçinin bu il ilk dəfə olaraq İsveçrənin Bern şəhərində yaradılmış Qarabağ Azərbaycan dili məktəbinin şagirdi də müsabiqədə iştirak etmişdir. İsveçrə təhsil sisteminə inteqrasiya olummuş bu məktəbdə Azərbaycan dili, ədəbiyyatı və tarixi ilə yanaşı, şagirdlərə milli rəqs və musiqi dərsləri də keçilir.

 

 

növbəti xəbər əvvəlki xəbər