2019-06-20
İsveçrəlilər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan məcburi köçkünləri barədə məlumatlandırılıb

Ümumdünya Qaçqınlar Günü ərəfəsində və İsveçrədə Milli Qaçqınlar Günü ilə əlaqədar bu ölkənin ictimaiyyətinin diqqətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş soydaşlarımıza yönəltmək məqsədilə Azərbaycanın İsveçrədəki Səfirliyi tərəfindən bu ölkədəki diasporamızla birgə silsilə tədbirlər həyata keçirilib. Bu tərdbirlər çərçivəsində Azərbaycan qaçqınları və məcburi köçkünlərinə həsr olunmuş ictimai məlumatlandırma kampaniyası ilə yanaşı, Səfirlik tərəfindən AR Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun İsveçrəyə səfəri təşkil edilmişdir. 

Səfəri çərçivəsində F.Hüseynov Bern Kantonunun İnteqrasiya İdarəsi, Bern şəhərinin İnteqrasiya Mərkəzi, Bern kantonunda "Qaçqın məsələləri üzrə əlaqələndirmə komitəsi" və "qaçqınlar üçün iş" layihəsi, “İsveçrə Yəhudi Qaçqınlara Yardım Təşkilatları Asosiasiyası”nın, eləcə də “HEKS-EPER” təşkilatının prezidentləri ilə ikitərəfli görüşlər keçirmişdir.

Görüşlərdə F.Hüseynov həmsöhbətlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkünlərimiz, onların problemlərinin həlli istiqamətində ölkə rəhbərinin başçılığı altında Azərbaycan Hökuməti tərəfindən görülən işlər barədə məlumat vermiş, qarşılıqlı maraq doğuran mövzular və əməkdaşlıq barədə fikir mübadiləsi aparılmışdır. Görüşlərdə iştirak edən Azərbaycanın İsveçrədəki Səfiri Xanım İbrahimova həmsöhbətləri İsveçrə-Azərbaycan əlaqələrinin hazırkı durumu barədə məlumatlandırmış, hərtərəfli inkişafı ilə fərqlənən bu əlaqələrin miqrasiya, qaçqınların inteqrasiyası və sosial müdafiəsi sahələrini əhatə etməsi üçün imkanların mövcud olduğunu bildirmişdir.

Azərbaycan nümayəndə heyətinin 2017-ci ildə əsası qoyulan, qaçqınlar üçün İsveçrə əmək bazarına daxil olmanı yüngülləşdirmək məqsədi daşıyan “Qaçqınlar üçün iş” proqramı ilə görüşü çərçivəsində qaçqınların qastronomiya sahəsində işləməsinə imkan yaradan “La Cultina” layihəsi ilə əyani tanışlığı təşkil edilmişdir. Bern kantonu İnteqrasiya İdarəsi və Bern şəhərinin İnteqrasiya Mərkəzinin rəhbərliyi ilə keçirilmiş görüşlərdə İsveçrə dövlətinin miqrasiya və inteqrasiya sahəsində təcrübəsi öyrənilmişdir. F.Hüseynovun İsveçrənin ən iri qeyri-hökumət təşkilatlarından biri olan “HEKS-EPER”-in prezidenti Peter Merz ilə görüşdə isə adıçəkilən təşkilatın Azərbaycanda vaxtilə həyata keçirdiyi layihələr və mümkün əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılmışdır.

növbəti xəbər əvvəlki xəbər