2019-07-05
Azərbaycan İsveçrənin Bazel şəhərində keçirilən Ümumdünya Qadın Sammitində təmsil olunmuşdur.

4 iyul tarixindən İsveçrənin Bazel şəhərində Ümumdünya Qadın Sammiti fəaliyyətə başlamışdır. Sözügedən sammit 1990-cı ildən etibarən təşkil olunur və Dünya qadınlarının “Davos”u kimi tanınır. Dünyanın 80-dən artıq ölkəsindən 1200-dən artıq qadının qatıldığı sammitdə müxtəlif ölkələri təmsil edən nazir qadınlar, yüksək dövlət vəzifəsi tutan, ictimai siyası xadim olan qadınlar, millət vəkilləri və işgüzar qadınlar müzakirələr aparır və konkret təkliflər ilə çıxış edirlər.

Ümumdünya Qadın Sammitinin Bazeldə keçirilən 19-cu  iclası “Qadın: müvəffəqiyyətə yeni baxış” mövzusuna həsr edilib. Dünyanın bir çox ölkələrinin yüksək vəzifəli dövlət nümayəndələrinin iştirakı ilə ayrı-ayrı təcrübələr təqdim olunur. Azərbaycan Respublikasını  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət  Komitəsinin sədri xanım Hicran Hüseynova Sammitin açılış günündə təşkil olunan iştirakçı nazirlərin dəyirmi masasında  “Ən yaxşı təcrübələr” ssesiyasında Azərbaycanda  həyata keçirilən dövlət qadın siyasəti  haqqında geniş  məruzə ilə çıxış etmişdir. H.Hüseynova ilk öncə  iştirakçılara Azərbaycanda qadınlara səs vermə hüququnun verilməsinin 100 illik yubileyinin qeyd olunması haqqında məlumat vermişdir.  

H.Hüseynova qeyd edib ki,  mürəkkəb ictimai-siyasi və ağır hərbi vəziyyət fonunda ötən 28 ildə Azərbaycan müstəqil dövlət olaraq ciddi islahatlar aparmış və bu gün  dünyanın inkişaf etmiş nüfuzlu  dövlətlərindən birinə çevrilmişdir. Cənab Prezident  İlham Əliyev tərəfindən imzalanmış sənədlər, qəbul edilmiş qərarlar sahibkarlığın inkişafına çox böyük dəstəkdir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr qadın sahibkarlığının, xüsusilə qaçqın və məcburi  köçkün qadınlar arasında sahibkarlığın inkişafına müsbət təsir göstərir.

Sammitdə həmçinin Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyi və Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Qənirə Paşayevə iştirak etmişlər.

Ümumdünya Qadın Sammiti öz işini 07 iyul tarixinədək davam edəcəkdir.

 

növbəti xəbər əvvəlki xəbər