2019-08-27
İsveçrədə keçirilmiş Qlobal Sülh Konfransında Azərbaycan təmsil olunub

İsveçrənin Bazel şəhərində Sülh və Dialoq İnstitutu tərəfindən Bazel Qlobal Sülh Konransı təşkil edilmişdir. Yalnız xüsusi dəvət olunanların iştirak edə bildiyi tədbirdə İsveçrənin, ABŞ-ın nüfuzlu beyin mərkəzlərinin nümayəndələri, KİV nümayəndələri, elm xadimləri, həmçinin bir sıra mötəbər QHT-lərin nümayəndələri iştirak ediblər.

Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova  “Sülhün və təhlükəsizliyin təmin olunmasında mədəniyyətlərarası dialoqun rolu” adlı sessiyada mühazirə ilə çıxış etmişdir. Səfirin çıxışı auditoriya tərəfindən maraqla qarşılanmış, tədbir iştirakçıları tərəfindən ünvanlanmış insan hüquqları,  İsrail-Fələstin münaqişəsində Azərbaycanın mövqeyi, beynəlxalq münasibətlərdə kiçik dövlət-böyük dövlət qarşıdurması, nüvə təhlükəsizliyi, Azərbaycanın xarici dövlətlərlə əlaqələri və s. mövzularda çoxsaylı suallar cavablandırılmışdır.

Qey edilmişdir ki, dünyada zorakı ekstremizm, ksenofobiya və ayrıseçkiliyin tüğyan etdiyi bir dövrdə Azərbaycanın multikulturalizm ənənələri sülh quruculuğunda mühüm rol oynaya bilər. O, bildirmişdir ki, müxtəlif mədəniyyətlər, dinlər və irqlərə hörmət Azərbaycan millətinin mənəvi dəyərlərinin ayrılmaz tərkib hissəsidir.

Azərbaycanda yaşayan müxtəlif etnik və dini qruplar barədə məlumat verən X.İbrahimova yəhudi icmasına toxunaraq qeyd etmişdir ki, hazırda Azərbaycanda yeddi sinaqoq, iki yəhudi məktəbi, üç uşaq bağçası və İşiva kolleci fəaliyyət göstərir. Xristian icmasının da ölkəmizdə sülh şəraitində yaşadığını söyləyən X.İbrahimova bu kontekstdə 2002-ci ildə Papa II İohan Pavelin Azərbaycana səfərinə toxunmuş, bu səfər zamanı Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycanda fəaliyyət göstərən Katolik Kilsəsinə torpaq sahəsinin ayrıldığını və bu sahədə Müqəddəs Məryəm Kilsəsinin Heydər Əliyev Fondu və Qafqaz Müsəlmanları Ruhani İdarəsinin maliyyə dəstəyi ilə tikilib ölkəmizin xristian icmasının istifadəsinə verildiyini bildirmişdir. Ümumiyyətlə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təkcə Azərbaycanda deyil, bütün dünyada dini, mədəni və sosial obyektlərin bərpası və inşasına diqqət yetirdiyi, misal olaraq, Vatikanda kilsənin bərpası, Pakistanda məktəb tikintisi kimi layihələri uğurla başa çatdırdığı qonaqların diqqətinə çatdırılmışdır. Bundan başqa, Azərbaycanın sünni və şiələrin sülh şəraitində yaşadığı və məsciddə birgə namaz qıldıqları nadir ölkələrdən biri olduğu da vurğulanmışdır.

Azərbaycan Hökumətinin ölkə daxilində multikulturalizmi dövlət siyasəti elan etməklə yanaşı, ölkə xaricində də mədəniyyətləraarası dialoqu təşviq etdiyi və bu məqsədlə 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı prosesinin əsasının qoyulduğu qeyd edilmişdir. Bildirilmişdir ki, Bakı prosesi bu gün BMT və Avropa Şurası çərçivəsində qəbul edilmiş termindir və bu proses çərçivəsində Azərbaycan Respublikasının Hökuməti və AR Mədəniyyət Nazirliyinin təşkilatçı, BMT Sivilizasiyalar Alyansı (UNAOC), BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-nun tərəfdaş qismində çıxış etdiyi Mədəniyyətlərarası Dialoq Forumları təşkil edilir. X.İbrahimova Bakı prosesini ölkəmizin İslam və Qərb dünyası arasında dialoqa töhfəsi kimi xarakterizə etmişdir.

Eyni zamanda konfrans iştirakçıları Ermənistan-Azərbaycan münaqişəsi və bu münaqişə nəticəsində Azərbaycan torpaqlarının işğalı, Azərbaycanlı əhalinin etnik təmizləməyə məruz qalması barədə məlumatlandırılmışdır. Bu münaqişənin yaratdığı faciəvi nəticələrə baxmayaraq, Azərbaycanın müasir dövlət qurmağa nail olduğu və bu günki beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş olduğu vurğulanmışdır. 

 

növbəti xəbər əvvəlki xəbər