2019-11-05
İsveçrəyə səfəri çərçivəsində AR Prezidenti Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ümumdünya İqtisadi Forumunun rəsmiləri ilə görüşündə 4-cü sənaye inqilabı mövzusu müzakirə olunmuşdur

İsveçrəyə səfəri çərçivəsində AR Prezidenti Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ümumdünya İqtisadi Forumunun (WEF) Avropa və Avrasiya bölməsinin rəhbəri, WEF İcraiyyə Komitəsinin üzvü xanım Martina Larkin ilə görüşmüşdür.

Görüşdə H.Hacıyev Ümumdünya İqtisadi Forumunu Azərbaycan üçün vacib tərəfdaş kimi xarakterizə etmiş, AR Prezidenti cənab İlham Əliyevin Forumun Davos İllik Görüşlərində mütəmadi iştirakının Azərbaycanın bu təşkilatla əməkdaşlığa verdiyi əhəmiyyətin bariz nümunəsi olduğunu, WEF-in Qlobal Rəqabətlilik Hesabatına Azərbaycan Hökuməti tərəfindən daim diqqət yetirildiyini qeyd etmişdir.

Danışıqlar çərçivəsində Azərbaycan ilə Ümumdünya İqtisadi Forumunun 4-cü Sənaye İnqilabı Mərkəzi arasında 2019-cu ilin yanvarında AR Prezidentinin Davosa səfəri zamanı imzalanmış əməkdaşlıq müqaviləsinin həyata keçirilməsindən razılıq ifadə olunmuş, sazişin implementasiyasının müxtəlif aspektləri və əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilmişdir.

Görüşdə, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi və geosiyasi mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.

növbəti xəbər əvvəlki xəbər