“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 04 avqust 2026

İsveçrə Konfederasiyasının vitse-prezidenti, Xarici İşlər üzrə Federal Departamentin rəhbəri İqnasio Kassisin Azərbaycana səfəri

İsveçrə Konfederasiyasının vitse-prezidenti, Xarici İşlər üzrə Federal Departamentin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis 3–4 avqust 2026-cı il tarixlərində Azərbaycan Respublikasına səfər etmişdir.

Səfər çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan İqnasio Kassis ilə təkbətək, eləcə də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirmişdir.

Görüş zamanı nazirlər Azərbaycan–İsveçrə ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivlərini, İsveçrənin ATƏT-ə sədrliyinin prioritetlərini, Azərbaycan–ATƏT əməkdaşlığının mövcud vəziyyətini, habelə post-münaqişə dövründə regiondakı vəziyyəti və Azərbaycan–Ermənistan normallaşma prosesini müzakirə etmişlər.

Tərəflər qeyd etmişlər ki, 2027-ci ildə Azərbaycan ilə İsveçrə arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunması formalaşmış tərəfdaşlığın dəyərləndirilməsi və əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsi üçün mühüm imkan yaradacaqdır.

Nazirlər Xarici İşlər Nazirlikləri arasında yüksək səviyyəli təmasların və müntəzəm siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyətini vurğulamışlar.

Müzakirələr zamanı Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyəti də daxil olmaqla iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilmişdir. Enerji sektorunun ikitərəfli iqtisadi münasibətlərin əsas sütunlarından biri olduğu vurğulanmış, bu kontekstdə SOCAR-ın İsveçrədəki fəaliyyəti qarşılıqlı faydalı əməkdaşlığın uğurlu nümunəsi kimi qeyd edilmişdir.

Nazirlər, həmçinin xalqlararası əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulamışlar.

Görüşdə İsveçrənin ATƏT-in fəaliyyətdə olan sədri qismində müəyyən etdiyi prioritetlər ətrafında fikir mübadiləsi aparılmışdır. Azərbaycan tərəfi sədrliyin elm və diplomatiya, innovativ texnologiyalar, su ehtiyatlarının idarə olunması, enerji təhlükəsizliyi və rəqəmsal təhlükəsizlik sahələrinə xüsusi önəm verməsini alqışlamış, müasir çağırışların aradan qaldırılması baxımından bu istiqamətlərin əhəmiyyətini vurğulamışdır.

Bununla yanaşı, Azərbaycanın üzləşdiyi mina təhlükəsi xüsusi diqqətə çatdırılmış, ATƏT-in, xüsusilə də təşkilata üzv dövlətlərin humanitar minatəmizləmə sahəsində ölkəmizə verə biləcəyi töhfələr müzakirə edilmişdir.

Görüş zamanı Azərbaycan–Ermənistan normallaşma prosesi ətrafında da fikir mübadiləsi aparılmışdır. Nazir Ceyhun Bayramov həmkarına sülh prosesinin hazırkı mərhələsi, iki ölkə arasında de-fakto bərqərar olmuş sülh mühiti və həyata keçirilən etimad quruculuğu tədbirləri barədə ətraflı məlumat vermişdir.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.

Yekunda mətbuat konfransı keçirilib və Nazirlər mətbuat konfransında bəyanatlarla çıxış edib, media nümayəndələrinin suallarını cavablandırıblar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti