“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 mart 2018

Bazeldə Azərbaycan filmi nümayiş olunmuşdur

İsveçrənin Bazel şəhərində təşkil olunmuş 13-cü Querfeld Mədəniyyətlərarası Film Festivalında “Azərbaycanın dostları” diaspor təşkilatının təşkilatçılığı ilə “Axınla aşağı” filminin nümayişi keçirilib.

Film festivalın ilk günü, açılışdan sonra göstərilib və tamaşaçıların böyük marağına səbəb olub.

Filmin nümayişindən əvvəl “Azərbaycanın dostları” diaspor təşkilatının rəhbəri Arzu Əliyeva tamaşaçıları salamlayıb və onlara ”Axınla aşağı” filmi ilə yanaşı, ölkəmizin mədəniyyəti, musiqisi, kinematoqrafiyası haqqında ətraflı məlumat verib. O, son illərdə Azərbaycanda kinematoqrafiyanın inkişafına xüsusi diqqət göstərildiyini bildirib.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən psixoloji ailə dramını canlandıran ekran əsəri 2014-cü ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Filmin quruluşçu rejissoru Asif Rüstəmovdur.

Festival çərçivəsində, həmçinin təşkilatçılar tərəfindən Azərbaycanın mədəniyyətini və mətbəxini tərənnüm edən guşə də yaradılıb. Tədbirin təşkil olunduğu zalda ölkəmizin milli təamları və müxtəlif növ şirniyyatları qonaqlara təqdim edilib.

Qeyd edək ki, 2006-cı ildən keçirilən festival İsveçrədə yaşayan müxtəlif xalqların nümayəndələri tərəfindən təşkil olunur və mədəniyyətlərarası əlaqələrin gücləndirilməsi, eləcə də ölkədə tolerantlığın təşviqinə xidmət edir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti