İsveçrə Konfederasiyanın Bazel şəhərində Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə anım mərasimi keçirilmişdir.
22 fevral 2026-cı il tarixində İsveçrə Konfederasiyanın Bazel şəhərində Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə anım mərasimi keçirilmişdir. Tədbir “Azərbaycanın Dostları” Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin iştirakı ilə Teodors kilsəsində baş tutmuşdur. Mərasimdə 50-yə yaxın soydaşımız iştirak etmişdir.
Tədbir Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Mərasimdə çıxış edən Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Fuad İsgəndərov Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş ən dəhşətli faciələrdən biri olduğunu bildirmişdir. Birinci Qarabağ müharibəsi veteranı olduğunu qeyd edən səfir 1992-ci ilin 26 fevral tarixində Ağdam şəhərində olduğunu və baş vermiş hadisələrə şəxsən şahidlik etdiyini vurğulamışdır. O, 613 nəfərin yalnız azərbaycanlı olduqlarına görə xüsusi amansızlıqla qətlə yetirildiyini diqqətə çatdırmış, bu cinayətin insanlığa qarşı törədilmiş ağır bir faciə olduğunu qeyd etmişdir.
Səfir, həmçinin Xocalı şəhidlərinin qisasının alındığını bildirərək, onların ruhlarının işğaldan azad edilmiş və sürətlə bərpa olunan Xocalıda rahatlıq tapdığına əminliyini ifadə etmişdir.
Anım mərasiminin bədii hissəsində orqanda Şəfəq Abdullayeva, kamançada Mədinə Şahgəldiyeva tərəfindən musiqi əsərləri ifa olunmuş, Dr. Naibə Tural tərəfindən isə ədəbi-bədii kompozisiya təqdim edilmişdir.