“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 fevral 2019

İsveçrə Azərbaycanlıları Xocalı faciəsi ilə əlaqədar aksiya keçirmişlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyası çərçivəsində İsveçrədə Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilmişdir.

Belə ki, İsveçrənin paytaxtı Bern şəhərinin mərkəzi “Kornhausplatz“ meydanında Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi tərəfindən kütləvi aksiya təşkil olunmuşdur.

İlk öncə aksiya iştirakçıları Xocalı qurbanlarını bir dəqiqəlik sükutla anmışlar.  

Aksiya iştirakçıları tərəfindən üzərində “Xocalıya ədalət!”, “Xocalı hadisələrinə siyasi qiymət verilməlidir!”, “Biz torpaqlarımızın azad olunmasını tələb edirik” kimi şüarlar həkk olunmuş transparantlar nümayiş etdirilmişdir. Meydanda qurulmuş sərgidə Xocalı faciəsinə aid şəkillər, uşaqlar tərəfindən “Xocalı uşaqların gözü ilə” mövzusunda çəkilən rəsm əsərləri və dünyanın ən nüfuzlu mətbu orqanlarında qətliam barədə dərc olunmuş məqalələr nümayiş etdirilmişdir.

Aksiya çərçivəsində, həmçinin qərb ölkələrində kədər rəmzi olan yüzlərlə sarı gül, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı haqqında faktların əks olunduğu bröşürlərlə birgə yerli əhali və şəhərin qonaqları arasında paylanmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti