“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 may 2026

İsveçrə Konfederasiyasında 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilmişdir

27 may 2026-cı il tarixində İsveçrənin paytaxtı Bern şəhərində yerləşən Bellevue Palace sarayında 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının, İsveçrə Konfederasiyasının və Lixtenşteyn Knyazlığının dövlət himnlərinin səsləndirilməsi ilə başlamışdır.

Rəsmi qəbulda İsveçrə hökumətinin yüksək vəzifəli rəsmiləri, diplomatik korpusun rəhbərləri, ölkənin siyasi, mədəni və işgüzar dairələrinin nümayəndələri, Azərbaycan diasporunun üzvləri, eləcə də yerli ictimaiyyətin təmsilçiləri iştirak etmişdirlər.

Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Fuad İsgəndərov çıxışı zamanı bildirmişdir ki, 108 il əvvəl – 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması təsis olunmuşdur. Səfir Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli tarixi yoldan bəhs edərək vurğulamışdır ki, qadınlara seçmək və seçilmək hüququ bir çox Avropa ölkələrindən əvvəl məhz Azərbaycanda tanınmışdır.

Çıxışda qeyd olunmuşdur ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik ənənələrinin formalaşması, demokratik institutların yaradılması və milli kimliyin möhkəmləndirilməsi baxımından mühüm tarixi irs qoymuşdur. Səfir qonaqlara Cümhuriyyətin müstəqillik uğrunda apardığı mübarizə və əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat vermişdir.

Səfir F. İsgəndərov çıxışı zamanı qeyd etmişdir ki, 1993-cü ildən etibarən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının müasir inkişaf strategiyasının əsası qoyulmuşdur. Bildirilmişdir ki, həmin strateji kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilir.

Səfir, həmçinin son bir il ərzində Cənubi Qafqaz regionunda yaranmış yeni geosiyasi reallıqlar, Azərbaycan-Ermənistan normallaşma prosesi və iki ölkə arasında sülh müqaviləsinin paraflanması barədə ətraflı məlumat vermişdir. Vurğulanmışdır ki, sülh müqaviləsinin hazırlanması və tərəflər arasında etimad mühitinin formalaşdırılması baxımından birbaşa dialoq və təmaslar mühüm əhəmiyyət kəsb etmişdir. Bu xüsusda, İsveçrənin vasitəçiliyi ilə 2022-ci ildə Cenevrə şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilmiş birbaşa danışıqların normallaşma prosesinə mühüm töhfə verdiyi diqqətə çatdırılmışdır.

Qeyd edilmişdir ki, təxminən 30 ildən sonra regionda de-fakto sülh şəraiti formalaşmışdır. Bununla yanaşı, Azərbaycan və Ermənistan arasında iqtisadi münasibətlərin bərpası istiqamətində ilkin addımların atıldığı, tərəflər arasında ilk ticarət əlaqələrinin yaranmağa başladığı və regional əməkdaşlıq üçün yeni imkanların meydana çıxdığı xüsusi olaraq vurğulanmışdır.

Tədbirin bədii hissəsində Avropa və İsveçrədə tanınan gənc azərbaycanlı skripka ifaçısı, beynəlxalq müsabiqələr laureatı və Prezident təqaüdçüsü Cəmilə Qarayusifliin rəhbərliyi ilə “Horizons” orkestri çıxış etmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti