Bern şəhərində 8 Noyabr - Zəfər Gününə və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan “Azadlıq yolu” (“Path of Liberty”) adlı tədbir keçirilib
12 noyabr 2025-ci il tarixində Bern şəhərində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyinin dəstəyi, həmçinin İsveçrədə fəaliyyət göstərən Xəzər-Alp Cəmiyyətinin (Caspian-Alpine Society) təşkilatçılığı ilə Zəfər Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert tədbiri keçirilmişdir. Tədbirdə çıxış edən səfir Fuad İsgəndərov tədbir iştirakçılarını salamlamış, Qələbənin 5-ci ildönümünün Qafqazda dönüş nöqtəsi olmasını qeyd etmiş, bunun sülhə aparan əsas yol olduğunu vurğulanmışdır. Həmçinin, səfir F. İsgəndərov dahi bəstəkarın yaradıcılığının 20-ci əsr Azərbaycan mədəniyyətində xüsusi yerə sahib olduğunu qeyd etmişdir.
Daha sonra çıxış edən Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik etmişdir. Eyni zamanda, sədr F.Muradov Üzeyir Hacıbəylinin yaradıcılığına toxunmuş, dahi bəstəkarın Azərbaycan mədəniyyətində yeni səhifə açdığını qeyd etmişdir.
Tədbirdə Almaniyada yaşayan bəstəkar, musiqişünas və kulturoloq Elmir Mirzəyevin “Müasirlik və Arxaika: XX əsr Azərbaycan musiqi mədəniyyəti üç imperiya kontekstində” adlı monoqrafiyasının da təqdimatı keçirilmişdir. Qeyd etmək istərdik ki, Azərbaycanın tarix və mədəniyyətinin çətin mərhələlərdən keçdiyi 200 illik dövründən bəhs edən kitab alman dilinə tərcümə olunmuşdur.
Daha sonra dahi bəstəkarın yaradıcılığının nümunələri ifa edilmişdir. Bədii hissədə Üzeyir Hacıbəylinin “Aşıqsayağı”, “Arazbarı”, “Sənsiz” və “Sevgili canan” əsərləri, Elmir Mirzəyevin Xocalı soyqırımına həsr etdiyi “İthaf” əsəri, Almaniyada fəaliyyət göstərən soprano Mara Hüseynova, “Berner Klaviertrio” musiqi qrupunun üzvləri - skripkaçı Roman Filipov, violonçel ifaçısı Pierre Deppe və pianoçu İqor Andreevin çıxışları, Qarabağ Universitetinin dekanı, bəstəkar Türkər Qasımzadənin bəstələri yer almışdır.
Tədbirdə İsveçrə Konfederasiyasının rəsmiləri, sözügedən ölkədə akkreditə olunmuş diplomatik nümayəndələr, İsveçrədə yaşayan Azərbaycan diasporasının üzvləri və digər şəxslər iştirak etmişdir.
Tədbirin sonunda iştirakçılar üçün ziyafət təşkil olunmuşdur.