Doğumun qeydə alınması
Doğum haqqında məlumat Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyinin Konsulluq bölməsinə uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir.
Doğumun qeydə alınması üçün tələb olunan sənədlər
- Valideyinlərin ərizəsi (buradan yüklənə bilər)
- Valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;
- Valideynlərin doğum haqqında şəhadətnamələri;
- Valideynlərin nikah haqqında şəhadətnaməsi;
- Doğum faktını, vaxtını və yerini təsdiq edən sənəd;
- Uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;
- Uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd;
- Uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd;
- Doğumun qeydə alınması üçün müəyyən olunmuş 1 aylıq müddət keçdikdə uşağın sağlamlığı barədə həkim arayışı.
İştirak etməli olan şəxslərin siyahısı
- Valideynlər və ya onlardan biri;
- Valideynlər üzrlü səbəbə görə müraciət edə bilmədikdə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər səlahiyyətli şəxslər.
Dövlət rüsumunun məbləği
- Doğumun qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.
Qeyd: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün 1 aylıq müddətdə müraciət olunmamasına görə uşağın valideynlərinə xəbərdarlıq edilir və ya 10 manat miqdarında cərimə edilir.