Azərbaycan-Lixtenşteyn
4 iyun 2013-cü il tarixində Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədov cənab Albert Frikə Lixtenşteyn Knyazlığı Parlamentinin Sədri seçilməsi münasibətilə təbrik məktubu ünvanlamışdır.
27 yanvar 2014-cü il tarixində Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədov Lixtenşteyn Knyazlığı Parlamentinin Sədri cənab Albert Frikə məktub ünvanlayaraq, onu Azərbaycana rəsmi səfərə dəvət etmişdir.
2015-ci il mayın 11-də Lixtenşteynin Avropa İqtisadi Zonasına daxil olmasının 20 illiyi ilə əlaqədar keçirilən tədbirdə iştirak etmək məqsədilə bu ölkədə işgüzar səfərdə olan səfir Ə. Zeynallı ölkə Parlamentinin sədri Albert Frik ilə görüşmüşdür.
2015-ci il iyunun 26-30-da Lixtenşteyn Knyazlığı Parlamentinin Sədri cənab Albert Frik Bakıda rəsmi səfərdə olmuşdur. Səfər zamanı o, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, eləcə də Milli Məclisin Sədri cənab Oqtay Əsədov və xarici işlər naziri cənab Elmar Məmmədyarov ilə görüşmüşdür. Cənab Albert Frik həmçinin, 12-28 iyun tarixlərində Bakıda keçirilən ilk Avropa Oyunlarının bağlanış mərasimində də iştirak etmişdir.
2015-ci il noyabr ayının 27-də səfir Əkrəm Zeynallı Lixtenşteyn Knyazlığına işgüzar səfəri çərçivəsində Knyazlığın Parlamentinin Sədri Albert Frik ilə görüşmüşdür. Görüş zamanı tərəflər iki ölkə arasında istər siyasi, istərsə də iqtisadi və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün böyük potensialın olduğunu bildirmiş və bunun reallaşması üçün birgə çalışacaqlarını qeyd etmişlər. Həmsöhbətlər, həmçinin qarşılıqlı maraq doğuran qlobal və regional məsələlər ətrafında da fikir mübadiləsi aparmışlar.
2016-cı il oktyabrın 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Lixtenşteyn Knyazlığına rəsmi səfər etmişdir. Səfər zamanı o, Lixtenşteyn Parlamentinin Sədri Albert Frik, Baş nazirini müavini, daxili işlər, ədliyyə və iqtisadiyyat naziri Tomas Tsvifelhofer, xarici işlər, təhsil və mədəniyyət naziri Aurelia Frik ilə görüşmüşdür. Görüşlərdə Azərbaycan-Lixtenşteyn ikitərəfli siyasi, iqtisadi və humanitar əlaqələri, Ermənistan-Azərbaycan münaqişəsi, regional və qlobal məsələlər müzakirə olunmuş, nazirlər E.Məmmədyarov və A.Frik Lixtenşteynə səfər edən Azərbaycan vətəndaşları üçün viza proseduralarının sadələşdirilməsinə dair nota mübadiləsi etmişlər.

2018-ci il fevralın 21-də Azərbaycan Respublikasının Lixtenşteyn Knyazlığında yeni təyin olunmuş Səfiri Xanım İbrahimova etimadnamələrini Lixtenşteynin Vəliəhd Şahzadəsi Əlahəzrət Aloisə təqdim etmişdir.