Səfirdən ön söz
Əziz qonaqlar,
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyinin internet səhifəsinə xoş gəlmisiniz.
Mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində yerləşən və qədim İpək Yolunda vacib bir qovşaq olan Azərbaycan dünyəvi və mədəni cəhətdən zəngin cəmiyyətə malik bir məkandır. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin 28 may tarixində təsis edilərək Şərqin ilk parlament respublikası olmuşdur. Həmin il əksər Qərb ölkələrini qabaqlayaraq, Azərbaycan qadınlara seçki hüququ vermiş, ölkənin çoxpartiyalı Parlamentində bütün milli, etnik və dini nümayəndələrinə geniş təmsil olunma imkanları təqdim edilmişdir. Sonuncu amil mənim vətənimin hələ 1918-ci ildə İsveçrə kimi bütün vətəndaşlarına azadlıq verən dövlət kimi özünü dünyaya nümayiş etdirmişdir.
Azərbaycan xalqının azad və müstəqil ölkədə yaşamaq uğrunda uzunsürən mübarizəsi 1991-ci ilin 18 oktyabr tarixində müstəqilliyin bərpası ilə nəticələnmişdir. 2 mart 1992-ci il tarixində Birləşmiş Millətlər Təşkilatı, 30 yanvar 1992-ci il tarixində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, 2000-ci ildə Avropa Şurası, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəal üzvü olan Azərbaycan Respublikası hazırda 120 ölkəni əhatə edən Qoşulmama Hərəkatına sədrlik edir.
Müstəqilliyin bərpasından sonra Prezident Heydər Əliyev (1993-2003) və Prezident İlham Əliyevin (2003-cü ildən) rəhbərliyi altında mənim ölkəm böyük inkişaf yolu keçmişdir. Azərbaycanın 20% ərazisinin xarici işğalına son qoyulmuş, ölkənin ərazi bütövlüyü bərpa olunmuş, dayanaqlı iqtisadi inkişaf təmin edilmişdir. 1990-cı illərdə yardıma ehtiyacı olan ölkədən Azərbaycan hazırda xeyriyyəçiliklə özünə hörmət qazanmış dövlətə çevrilmişdir. Yalnız sonuncu pandemiya dövründə Azərbaycan 30-dan çox dövlətə COVİD-19-la mübarizədə ciddi yardım göstərmişdir.
Bu gün müxtəlif etnik və dini icmalardan ibarət Azərbaycan xalqı azad bazara və əsaslı dövlət qurumlarına malik olan müasir və demokratik dövlətin inkişafına doğru inamla irəliləyir. Ölkəmizin xarici siyasəti, trans-regional iqtisadi layihələrin təşviqi, xoş qonşuluq, Avropa və Avro–Atlantik strukturları ilə əməkdaşlıq, qlobal və regional təhlükəsizliyin möhkəmləndirilməsi prosesinə töhfələrin verilməsi, mədəniyyətlərarası dialoqun səmərəli təşviqinə yönəlibdir.
Azərbaycanla İsveçrəni oxşar təbiət və mehriban insanları ilə yanaşı digər amillər də birləşdirir. İki ölkə arasında olan və getdikcə inkişaf edən iqtisadi əlaqələr, enerji və nəqliyyat sahələrindəki əməkdaşlıq, sülhün bərqərar olunması istiqamətində verilən töhfələr bunun bariz nümunəsidir.
Mən sizləri internet resurslarımızdan bəhrələnməyə dəvət edir, eyni zamanda özüm və rəhbərlik etdiyim kollektiv tərəfindən səmərəli əməkdaşlığa hazır olduğumuzu bildirirəm.
Səmimiyyət və ən xoş arzularla,
Fuad İsgəndərov
Səfir