2015-12-01

Azərbaycan və İsveçrədə multikulturalizmə dair kitabın təqdimatı keçirilmişdir

2015-ci il dekabr ayının 1-də Cenevrə şəhərində Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan və İsveçrədə ortaq dəyərlər olan multikulturalizm və dünyəvilik” adlı kitabın təqdimatı keçirilmişdir.

Təqdimat mərasimində çıxış edən natiqlər Azərbaycan və İsveçrədə multikulturalizmin, mədəni müxtəlifliyin və dünyəviliyin tarixi ənənələrindən, Azərbaycanda uzun əsrlər mövcud dini tolerantlıqdan, müxtəlif din, dil və mədəniyyətlərə malik insanların qarşılıqlı anlaşma və hörmət şəraitində dinc birgə yaşayışından bəhs etmiş, hər iki ölkənin özünəməxsus yolla əldə etdikləri bu nailiyyətlərin və müsbət təcrübələrinin digər ölkələr üçün nümunə kimi istifadə oluna biləcəyini vurğulamışlar.

Qeyd edək ki, təqdimat Səfirliyin təşəbbüsü ilə Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin ötən il Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından əldə etdiyi qrant əsasında Azərbaycanın tolerantlıq, dünyəvilik və multikulturalizmin qorunması sahəsində nailiyyətlərinin beynəlxalq ictimaiyyətə təqdim olunmasına yönələn layihə çərçivəsində silsilə tədbirlərin sonuncusu olmuş və bununla, layihəyə yekun vurulmuşdur.

Arxiv üzrə axtarış