2016-01-22

Davosda Azərbaycan və İsveçrə Prezidentlərinin görüşü olub

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda İsveçrə Konfederasiyasının Prezidenti Yohan Şnayder-Amman ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi. Siyasi, iqtisadi, enerji, sərmayə qoyuluşu, nəqliyyat sahələrində səmərəli əməkdaşlığın olduğu vurğulandı. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolundan danışıldı.

Söhbət zamanı beynəlxalq aləmdə hazırkı vəziyyət, neftin qiymətinin aşağı düşməsi fonunda gedən iqtisadi proseslər, maliyyə və iqtisadi sahələrdə böhran ətrafında fikir mübadiləsi aparıldı, həm Azərbaycanda, həm də İsveçrədə bu istiqamətdə atılan addımlar müzakirə edildi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların hazırkı vəziyyəti ilə bağlı müzakirələr aparıldı.

Arxiv üzrə axtarış