2016-cı il aprelin 14-də Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini Bahar Muradovanın rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyəti İsveçrənin Bern şəhərində işgüzar səfərdə olub
Milli Məclisin nümayəndə heyəti ilk öncə İsveçrə Parlamentinin yuxarı palatası olan Kantonlar Şurasının Sədri Rafael Kont tərəfindən qəbul edilib. Görüşdə B.Muradova ilk öncə, aprelin əvvəlində Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca baş vermiş döyüşlər, onların baş vermə səbəbləri, münaqişə zonasında hazırkı vəziyyət və Azərbaycanın dünya ictimaiyyətindən, o cümlədən İsveçrədən gözlədikləri barədə həmsöhbətinə ətraflı məlumat verdi.
Öz növbəsində, R.Kont İsveçrənin hər zaman beynəlxalq hüququ dəstəklədiyini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də məhz beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduğunu diqqətə çatdırdı.
Daha sonra tərəflər Azərbaycanla İsveçrə arasında müxtəlif – siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə, o cümlədən ölkələrin parlamentləri arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi apardılar. Milli Məclisin nümayəndə heyətinin Kantonlar Şurasının xarici siyasət komitəsinin sədri Kristian Levra və üzvləri ilə görüşdə tərəflər bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, cəbhə bölgəsində baş verən son hadisələr, habelə iki ölkənin Parlamentləri arasında əməkdaşlıq, o cümlədən müxtəlif beynəlxalq təşkilatların parlament ölçüləri çərçivəsində qarşılıqlı dəstək məsələlərini müzakirə etdilər.
Nümayəndə heyətinin İsveçrənin xarici işlər üzrə dövlət katibi İv Rosye ilə görüşündə B.Muradova dövlət katibini Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca baş vermiş son hadisələr, onların baş vermə səbəbləri, münaqişə zonasında cari vəziyyət barədə ətraflı məlumat vermişdir.
O, aprelin 5-də Ermənistan və Azərbaycan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında bağlanmış atəşkəs razılaşmasının çox kövrək olduğunu, hər gün Ermənistan tərəfinin Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutmaqda davam etdiyini və bu provokasiyaların davam edəcəyi təqdirdə, Azərbaycan tərəfinin də buna cavab vermək hüququnun olduğunu qeyd etmişdir. İ.Rosye İsveçrənin Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və beynəlxalq təşkilatların qəbul etdikləri sənədlər çərçivəsində həllini dəstəklədiklərini, tərəflərin arzu etdikləri təqdirdə, münaqişənin həlli üçün öz vasitəçilik xidmətlərini təqdim etməyə hazır olduqlarını diqqətə çatdırdı.
Daha sonra İsveçrə Parlamentinə son seçkilərdən sonra yenidən yaradılan Azərbaycanla dostluq qrupunun inauqurasiya mərasimi keçirildi. Qrupun əvvəlki tərkibdə sədri, Kantonlar Şurasının sabiq üzvü Kristina Eqerzeqi-Obrist qrupun yeni sədri Filippo Lombardi və sədr müavini Tyerri Burkharda uğurlar arzuladı, sonuncular da öz növbəsində bu qrupu təsis etmək və ona rəhbərlik etməkdən qürur duyduqlarını bildirdilər. 11 nəfər üzvdən ibarət yeni qrupun təsis edilməsini alqışlayan B.Muradova Azərbaycanın dostları olaraq Qrupu fəallığa, müxtəlif çoxtərəfli formatlarda qarşılıqlı dəstəyə və özünün rəhbərlik etdiyi Milli Məclisin İsveçrə ilə dostluq qrupu ilə intensiv əməkdaşlığa çağırdı.
O, Qrupu Azərbaycana səfər dəvət etdi. Səfər çərçivəsində Milli Məclisin nümayəndə heyəti həmçinin, İsveçrədə yaşayan, çalışan və təhsil alan həmyerlilərimiz, habelə Türk diasporunun rəhbərləri ilə görüşdü. Görüşdə Azərbaycan və türk diaspor nümayəndələri ölkəmizin inkişafı, İsveçrə ilə münasibətlərdə və son günlər Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca baş verən hadisələr barədə ətraflı məlumatlandırıldılar. Bu xüsusda, diasporumuzun fikir və təklifləri dinlənildi, onlara daha fəal olmağa, İsveçrə cəmiyyətinə daha sıx inteqrasiya etməklə, eyni zamanda, Azərbaycanın haqq səsini yorulmadan isveçrəlilərə çatdırmağa dair tövsiyələr verildi. Səfərin sonunda Milli Məclisin Sədr müavini B.Muradova İsveçrənin kütləvi informasiya vasitələrinə geniş müsahibə vermişdir.
Müsahibələrdə əsas diqqət aprelin 2-də Ermənistan tərəfindən silahlı qüvvələrin təmas xəttində törədilmiş təxribatlara yetirilmişdir. Bern, 15 aprel 2016-cı il