Şuşanın işğalından 24 il keçir
8 may 2016-cı il, Azərbaycanın Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 24 il keçir. Azərbaycanın bu cənnət guşəsi 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağda davam edən təcavüz nəticəsində işğal edilmişdir. Şuşa şəhəri uğrunda gedən döyüşlərdə 1860 azərbaycanlı yaralanıb, 480 nəfər həlak olub, 22 min nəfər öz yurdundan didərgin düşmüşdür. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə isə bu günə qədər də heç bir məlumat yoxdur.
289 kvadrat kilometr ərazisi olan Şuşa şəhərində 1992-ci ildə 24900 nəfər əhali yaşayıb. Şuşanın işğalı zamanı yerli əhalidən 193 nəfər şəhid düşmüş, 102 nəfər isə əlil olmuşdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilmişdir. 5 minə yaxın eksponatı olan Şuşa Tarix Muzeyi, Dövlət Xalça Muzeyinin filialı və Xalq Tətbiqi Sənəti Muzeyi, Qarabağ Dövlət Tarix Muzeyi və bir sıra rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları Ermənistanın işğalçı qüvvələri tərəfindən talan olunmuş, müqəddəs məbəd və məscidlər təhqir edilmiş və dağıdılmış, kitabxanalar yandırılmış, misilsiz əlyazma nümunələri məhv edilmişdir. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıtmışlar. Hazırda Şuşalılar Azərbaycanın 55 rayonu ərazisində məskunlaşmışlar.
22 ildən artıqdır ki, Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazisinin 20 faizi erməni işğalı altındadır və Ermənistan tərəfindən BMT-nin Təhlükəsizlik Şurasının 4 Qətnaməsinə, Avropa Şurası və Avropa Birliyinin qətnamələrinə məhəl qoyulmur. Azərbaycan tərəfinin Ermənistanın hərbi təcavüzünə son qoyması ilə bağlı çağırışlarına və beynəlxalq ictimaiyyətə müraciətlərinə baxmayaraq, Ermənistan tərəfi danışıqlar prosesindən yayınmağa və işğalı hər bəhanə ilə uzatmağa çalışır. Öz ərazilərinin Ermənistanın hərbi işğalından azad etmək üçün Azərbaycan tərəfi sülh danışıqlarına sadıqliyini bildirməklə yanaşı, hərbi təcavüzün nəticələrinin aradan qaldırılması üçün beynəlxalq hüquq çərçivəsində bütün imkanlardan istifadə edəcəkdir.