2016-10-11

Xarici işlər naziri Elmar Məmmədyarov Lixtenşteyn Knyazlığının xarici işlər, təhsil və mədəniyyət naziri xanım Aurelia Frik ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Lixtenşteyn Knyazlığına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər, təhsil və mədəniyyət naziri xanım Aurelia Frik ilə görüşüb.

Aurelia Frik nazir Elmar Məmmədyarovun Lixtenşteynə ilk rəsmi səfərinin ölkələrimiz arasında siyasi dialoqun inkişafına və ikitərəfli münasibətlərin dərinləşməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Nazir Elmar Məmmədyarov Azərbaycanın Lixtenşteynlə münasibətlərin genişləndirilməsində maraqlı olduğunu qeyd edərək, ölkələrimiz arasında iqtisadi, humanitar və mədəni əlaqələrin inkişafı üçün əlverişli imkanların mövcud olduğunu bildirdi. Bu xüsusda, Lixtenşteyndə Azərbaycan mədəniyyət günlərinin keçirilməsi, ölkəmizin turizm potensialının bu ölkədə təşviq edilməsi ilə bağlı razılıq əldə olundu.

Nazir Elmar Məmmədyarov Azərbaycanda aparılan köklü iqtisadi islahatlara dair məlumat verərək, Lixtenşteyn şirkətlərini Azərbaycanda daha fəal olmağa və ölkəmizdə xarici sərmayə üçün yaradılmış cəlbedici imkanlardan faydalanmağa çağırdı.

O, Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı həmkarına ətraflı məlumat verdi və münaqişənin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini diqqətə çatdırdı.

Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi kimi məsələləri də müzakirə etdilər və beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi apardılar.

Görüş əsnasında Elmar Məmmədyarov Azərbaycan Respublikasının İsveçrə və Avropa İttifaqı ilə viza sadələşdirilməsi  sazişi imzalamasına dair notanı həmkarına təqdim etdi. Aurelia Frik öz növbəsində Avropa İttifaqı ilə viza sadələşdirilməsi və readmissiya haqqında imzalanmış sazişin müddəalarının Lixtenşeyn tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə tətbiq ediləcəyini ehtiva edən notanı təqdim etdi.

Arxiv üzrə axtarış