2016-10-11

Xarici işlər naziri Elmar Məmmədyarov Lixtenşteyn Knyazlığına rəsmi səfəri çərçivəsində bu ölkənin parlamentinin sədri Albert Frik ilə görüşüb

Albert Frik Azərbaycana səfərini, eləcə də Birinci Avropa Oyunlarının bağlanış mərasimində iştirakını xatırladaraq ölkəmizin dinamik inkişafını və əldə etdiyi nailiyyətlərini qeyd etdi. O, Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğulayaraq, yığma komandamızın Rio Olimpiya Oyunlarında əldə etidiyi yüksək nəticələrin təqdirəlayiq hal olduğunu dedi.

Milli Məclisin Sədri Oqtay Əsədovla Strasburq şəhərində keçirdiyi görüşünə və apardığı məhsuldar müzakirələrə diqqət yetirən Albert Frik ölkələrimiz arasında əlaqələrin inkişafında parlament ölçülərinin əhəmiyyətini vurğuladı.

Nazir Elmar Məmmədyarov Albert Frikin keçən il ölkəmizə səfəri ilə Azərbaycan və Lixtenşteyn arasında siyasi dialoq üçün yeni imkanların yarandığını qeyd etdi və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə mövcud potensialdan istifadə edilməsinin vacibliyini vurğuladı.

Nazir ölkəmizdə aparılan köklü iqtisadi islahatlardan, Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələrdən söz açdı və iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu dedi. O, Lixtenşteyn şirkətlərini Azərbaycanda qeyri-neft sektorunda həyata keçirilən iqtisadi layihələrdə iştirak etməyə dəvət etdi.

Elmar Məmmədyarov həmçinin, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə həmsöhbətinə məlumat verdi. Nazir Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğunun regional sülh və təhlükəsizlik üçün əsas təhdid olduğunu qeyd etdi. Elmar Məmmədyarov əlavə etdi ki, qəbuledilməz və qeyri-davamlı olan status-kvonun dəyişdirilməsi və münaqişənin həllində irəliləyişə nail olunması üçün BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır. 

Görüşdə, həmçinin iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və parlamentlərarası əlaqələrinin genişləndirilməsinin yolları ətrafında fikir mübadiləsi aparıldı.

Arxiv üzrə axtarış