2016-10-20

2016-cı il oktyabrın 19-da Bern Universitetində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə elmi konfrans keçirilmişdir.

Professor Deniz Brül-Mozerin moderatorluğu ilə keçirilmiş konfransda Boxum Sülh və Hərbi Münaqişə üzrə Beynəlxalq Hüquq İnstitutunun professoru Hans-Yoahim Hayntse , İstanbul Koç Universitetinin Qlobal Ümumi Hüquq Mərkəzindən Dr. Valentina Azarova, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində sözügedən iş üzrə üçüncü tərəf qismində Azərbaycanın maraqlarını təmsil edən Avstriyanın “Lansky, Ganzger und Partner” hüquq şirkətinin rəhbəri Dr. Qabriel Lanski, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan hökumətinin səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov və “Mergen Consulting” şirkətinin rəhbəri Rəhmi Doğan məruzə ilə çıxış etmişlər.

Məruzəçilər ilk öncə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və hüquqi aspektlərinə diqqəti cəlb etmiş, Dağlıq Qarabağda yaşayan ermənilərin öz müqəddəratlarını nə üçün məhz Azərbaycan daxilində təyin etməli olduqlarını əsaslandırmış, daha sonra konkret məhkəmə işi ilə bağlı Azərbaycan və Ermənistan tərəfinin təqdim etdiyi dəlil və faktları və onlara Məhkəmənin verdiyi qiyməti və nəhayət, bununla bağlı çıxardığı qərarı təhlil etmişlər. Bir daha vurğulanmışdır ki, Məhkəmə təcavüz aktını bilavasitə dəyərləndirmək niyyətində olmasa da, münaqişənin tərəfi kimi ən başlanğıcdan məhz Ermənistanın olduğunu öz qənaətləri ilə təsbit etmişdir. Bundan irəli gələrək, məruzəçilər Ermənistan-Azərbaycan münaqişəsində məhz hərbi işğal faktının baş verdiyini, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu təsdiq etmişlər.

İsveçrənin elmi və siyasi dairələrinin, o cümlədən federal hakimiyyət qurumlarının, Berndə akkreditə olunmuş səfirliklərin nümayəndələrinin, eləcə də İsveçrə universitetlərinin tələbələrinin qatıldığı konfrans interaktiv şəkildə davam etmişdir.

Arxiv üzrə axtarış